
Yardımlı rayonunda su-kanalizasiya xətlərinin çəkilməsi ilə məşğul olan "Supra" MMC ilə tenderi udmuş "İHİ" MMC arasında qalmaqal yaşanır.
Bu barədə Qaynar.info-ya "Supra" MMC-nin icraçı direktoru Ramiz Cəbrayılov məlumat verib.
Onun sözlərinə görə, rayon mərkəzində 10 kilometrlik su-kanalizasiya xəttinin çəkilməsi planlaşdırılıb və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu işi tenderi udmuş "İHİ" MMC-yə həvalə edib. Sözügedən şirkət də iş başa çatdırmaq üçün "Supra" MMC-ni kömək məqsədilə rayona dəvət edib. Ancaq "Supra" MMC-yə çatacaq vəsaiti ödəməkdən imtina edib. Hazırda şirkətin fəhlələrinə heç bir məvacib ödənilmir, görüləcək iş də yarımçıq qalıb. Hətta vəziyyət o həddə çatıb ki, işin yarımçıq qalması əhali arasında da narazılıq yaradıb.
R. Cəbrayılov bildirir ki, "İHİ" MMC tərəfindən onlara ödəniləcək məbləğ 334 min manatdan çoxdur. Amma şirkətin baş direktoru Xaləddin Hüseynova və icraçı direktoru Arif Mansurova nə qədər müraciət etsələr də, onlara heç bir əhəmiyyət verilmir.
Şirkətdə çalışan və indiyədək heç bir məvacib almayan fəhlələrdən bir neçəsi isə Qaynar.info-ya bildiriblər ki, əgər problem həllini tapmasa, onlar Prezident Adminstrasiyasına yürüş edəcəklər.
"Məsələnin maraqlı tərəfi odur ki, işin yarımçıq qalmasına və şirkətlər arasında baş verən narazılıqla əlaqədar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti heç bir tədbir görmür. Sözügedən qurumun rəhbəri Əhməd Əhməzadəyə edilən şikayətlər isə nəticəsiz qalır", - deyə fəhlələr bildirir.
Redaksiyadan: Yardımlı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də, təəssüf ki, məsul şəxslərin heç biri ilə təmas qura bilmədik. İcra Hakimiyyətinin bu işə biganə yanaşması isə ciddi suallar doğurur.
Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info