Azərbaycan Dövlət Kukla Teatrının sabiq quruluşçu rejissoru Səidə Haqverdiyevaya qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.
Qaynarinfo xəbər verir ki, Səidə Haqverdiyevanın vəkili Asim Abbasovun APA-ya verdiyi məlumata görə, bu gün Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Məhkəmə şikayətin Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığını müəyyən edib. Bu səbəbdən şikayət icraata götürülməyib və işə baxılmasından imtina olunub.
Xatırladaq ki, ötən ay Dövlət Kukla Teatrının aktrisası Nərmin Əhmədova və onun həyat yoldaşı Əfsun Əhmədov Səidə Haqverdiyeva barəsində xüsusi ittiham qaydasında şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdilər.
Səidə Haqverdiyeva Nərmin Əhmədova və Əfsun Əhmədov barəsində böhtan xarakterli məlumatları sosial şəbəkədə yayaraq onların şərəf və ləyaqətini alçaltmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham irəli sürülüb.
Əfsun Əhmədov həbsdə olan keçmiş hakim Elsun Əhmədovun qardaşıdır. Elsun Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əlavə, Elsun Əhmədovla bağlı daha bir cinayət işi Nəsimi Rayon Məhkəməsinin icraatındadır.
Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva ötən ilin dekabr ayında vəzifəsindən azad olunub. Onun öz ərizəsi ilə işdən ayrıldığı bildirilib.
Bundan əvvəl isə teatr daxildə baş verən qalmaqalla gündəmə gəlmişdi. Səidə Haqverdiyeva Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı olub. İstefa verdiyi gün onların nikahına da xitam verildiyi bildirilir.
Şərhlər