Nazlı Ağayeva
Nofəlin hekayəti əslində bizim meydan nəslinin dumanlı serialıdır. Bilmirik lentimiz harada qırılacaq, əllidən-altmışdan o yana keçə biləcəyik, yoxsa yox... Mənə görə, əslində çəkilməz olan ömrü daşımaq mənasızlaşıb. Sadəcə o qədər yorğunam ki, bu problemlə də əlləşməyə heyim qalmayıb.
Bu yazı on il əvvəl acı xəbərini aldığım Nofəl Süleymanovun əziz və unudulmaz xatirəsinə həsr olunub. Qalanı təfərrüatdı.
***
1995-ci ilin parlament seçkilərində Qəbələ dairəsinə qırx yaş civarındakı Nofəl Süleymanovu sədr qoydular. Gənc kadr olaraq zamanına görə bu mühüm vəzifə onu "parlaq” gələcəyə apara bilərdi. O isə dolaşıq, saxta işlərlə dolu həmin yerdə ürəyi-canı bahasına cəmi üç il qala bildi.
"Demblok”dan sonrakı ilk parlament seçkisinə başından meydan havası getməmiş bizlər də qatılmağa cəhd etdik. Nofəllə yaxın tanışlığımız ondan başladı. Hərçənd sadəlövh cəhdimiz bizi deputatlıq bir yana, heç namizədliyə qədər çatdıra bilmədi. Fəttah Heydərovu Qəbələnin deputatı etdilər və indiyə qədər bu məntiqsiz gerçək dəyişməz olaraq qalır. Barəsində kifayət qədər yazıb-pozduğum həmin olayın üstündən keçib, üç il sonrakı növbəti seçkiyə gəlirəm. Nofəllə tam üç ay dairə komissiyasında yoldaş olduğumuz dövrə. O vaxtlar özünün təbirincə desək, biz "inqilabçılar”ATƏT-in Bakı ofisi-zad kimi cürbəcür "demokratik hoqqalarla” Nofələ zülm edirdik. Həm də vəziyyəti başa düşərəkdən, ondan heç nəyin aslıl olmadığını bilə-bilə. Nofəl isə hər cür emosional vəziyyətdə bizi təmsil etdiyi hakimiyyətin zorakılığından qorumağa çalışırdı. Təxminən eyni yaşda olmağımıza baxmayaraq, biz özümüzdən çıxanda polisi uzaqlaşdırıb iqtidarın əlinə bəhanə keçməsinin qarşısını alırdı. İndi fikirləşirəm ki, onunla müqayisədə bizim vəziyyətimiz nə qədər asan imiş. Heç deyilsə, biz hay-küy edib ürəyimizi boşalda bilirdik. O isə susmağa məcbur idi. Hətta o haldakı biz Nofəldən mümkünsüz haqlı tələblər edirdik, o isə istəməyərək bundan qaçmaq məcburiyyətindəydi. İndi ən yeni tarixdə baş verən həmin təzadları xatırlamaq o qədər ağırdır ki, adam bütün hallarda özünü bağışlaya bilmir.
...Və həmin seçki Qəbələ dairəsində Nofəl Süleymanovla hər ikimizin son işi oldu. Onu "özəl rayondan” son anda ən aşağı faizlə üstünlük protokolu verdiyinə görə, məni isə əvvəlcədən qarşımıza qoyulmuş boş sənədə imza atmadığım üçün dairədən "qovdular”. O vaxtdan qara siyahıda zülmət qrafaya düşdük.
Sədrimiz olduğu az müddətdə Nofəlin şəxsi keyfiyyətləri məndə unudulmaz təəssurat yaratmışdı. Həmişə fikirləşirdim ki, Nofəl Süleymanov niyə o qədər gərginlik yaşadı, həm də ürəkdən? Qrimlənmiş qarşı tərəfi "orijinaldan” tanıdıqca o gərginliyin səbəbini başa düşdüm. Heç bir halda sərvət və vəzifə asılılığından söhbət gedə bilməzdi. Nofəl hər kəsin gözü önündə maddi çətinliklərlə dolu bir ömür yaşadı. Daha nə fərq edər ki? Ən acı həqiqət odur ki, artıq özü yoxdu. Və biz onun – həyatı cəmi əlli yaşında tərk edən səmimi insanın işıqlı üzünü bir daha görməyəcəyik. Çox hayıf...
Bir yarpaq xatirə...
Çox-çox illər əvvəl YAP-ın 8 mart münasibətilə bayram tədbiri keçirdiyi restoranın qabağından ötüb evə gedirdim. Tədbir hələ başlamadığından iqtidar nümayəndələri səkidə gəzişirdilər. Birdən qolumdan kimsə tutub: "Hara gedirsən?” – deyə soruşdu. Nofəl idi. Heç bir xüsusiyyəti ilə məkana uyğun gəlməyən adam. "Evə gedirəm”, - dedim.
"Buraxmaram”, deyib durdu. "Buralar məni tutmaz, oğlunun toyuna evinizə dəvət edərsən, gələrəm”, - deyib, "nəzakətlə” aradan çıxmaq istəyəndə gülümsəyib aramla dilləndi:
– Əlbəttə, gələcəksən. Qorxma, qutu-zad olmayacaq. Amma özünə götürmə, o vaxtacan kim ölə, kim qala... Ürəyim heç sözümə baxmır. Mən də vaxtında onun sözünə baxa bilmədim deyəsən.
Özünü şux göstərmək istəsə də, səsindən yorğunluq, ağrı, kədər yağırdı. Məni təkidlə salona bitişik hədiyyələr mağazasına keçirib satıcıya tapşırdı:
– Bacıma layiq nəyin var, gətir. Yadigar olsun məndən.
Neçə ilin bağışlanmaz "seçki cəzalısı” olaraq təzəlikcə xırda bir iş tapmışdı. O maaş ailə dolandırmaq nədir, öz gündəlik xərclərini çətin ödəyərdi. Sadəcə, onu sındırmamaq üçün sadə və ucuz bir salfet qabını göstərdim. Ayrılanda "maşallah, xalqın cibinə uyğun zövqin var” deyə mənə sataşıb, özümdən və anamdan muğayat olmağı tapşırdı.
Bir neçə ay sonra Nofəlin qəfil xəbərini eşidəndə gözlərimi həmin qabdakı salfetlərlə quruladım. Bir az o tərəfdəki dəsmalı götürə bilmədim. Düçar olduğum ağır qəzadan sonra bütün arzularımı iki dəmir əsayla həyata keçirirdim. Son dəfə "kim ölə, kim qala” demişdi. Onu yaşadığı sıxıntılardan çatlamış ürəyi apardı, mənim qalmağım da ki, yarımçıq. O, əllidə qaldı, mən altmışın qapısındayam...
P.S. Nofəl Süleymanov boğulan azad seçkinin son çırpınışlarından biri idi. Arıq "kontora” dönmüş seçki məkanları ruhsuz bədənlərin idarəsində. Yeri gəlmişkən, həştad ikiyə adlamış Fəttah Heydərov altıncı dəfə Qəbələdən deputatlığa namizəddir.