Xəbər lenti

Yataqxana üçün hökumətə layihə verdik, yəqin 2075-də cavab verərlər... – Təhsil esperti
Ölkə14:19 07.10.2021

Yataqxana üçün hökumətə layihə verdik, yəqin 2075-də cavab verərlər... – Təhsil esperti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tələbə yataqxanası probleminin həlli üçün hökumətə, müvafiq qurumlara layihə təqdim etmişik. Yəqin ki, 2075-ci ildə cavab verəcəklər”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycanda 180 min tələbəyə qarşı cəmi 2500-ə yaxın tələbənin yataqxana ilə təmin edilməsi fonunda problemin həllilə bağlı hökumətin hansısa planının olub-olmadığı barədə sualı cavablandırarkən deyib.
Ekspert bildirir ki, yataqxananın olması təhsilin keyfiyyəti və təhlükəsizliyə təsir göstərən ən mühüm amillərdəndir: 
"Dünya təcrübəsinə görə, hər bir ali təhsil müəssisəsi təhsil alan tələbələrin azı 50 faizini yerləşdirmək imkanına malik olmalıdır. Bu, həmin universitetin akkreditasiyadan keçməsi üçün ilk şərtdir. Azərbaycanda 51 ali təhsil müəssisəsində 186 min tələbə təhsil alır. Ölkədə ən böyük tələbə yataqxanası Texnik Universitet, Memarlıq və İnşaat Universiteti, BDU, Pedoqoji Universitet, Dillər Universitetində olub. Hazırda BDU-nun müasir standartlara cavab verən yataqxanası olsa da, tələbə sayının çox az hissəsi oradadır”. 
K. Əsədov qeyd edir ki, problemin həlli üçün hökumətə, müvafiq qurumlara layihə təqdim ediblər: 
"Layihə TİT-istifadə et, təhvil ver, layihəsi adlanır. Hansısa iş adamı hazırlanan yataqxana layihəsinə vəsait ayırır və bina tikilir. Tikindən sonra ondan istifadə edib, qoyduğu pulu çıxarır, sonra isə dövlətə təhvil verir. Bir neçə tələbə yataqxanasını bu layihə ilə tikib, tələbələrə ayda 50-100 manata verməklə tikinti xərclərini aradan qaldırmaqla yanaşı, universitetlər artıq özləri üçün təhsil-tələbə mühiti də formalaşdıra bilər. İkinci təklif isə odur ki, universitetlər Bakıda tikilən çoxmərtəbəli binaların ilk iki mərtəbəsini alıb, onu yataqxana kimi istifadəyə verə bilərlər. Tələbələr də sonradan yataqxana pulunu ödəməklə universitetlərin xərcini artıqlaması ilə ödəyə bilərlər. Belədə tələbə yataqxanası problemini həll edə bilərik. Sözügedən təklifləri və ona xərclənəcək maliyyə mənbələrini müvafiq qurumlara göndərmişik. Araşdırdıqlarını bildirirlər. Yəqin ki, 2075-ci ildə cavab verəcəklər”. Həmsöhbətimizin sözlərinə görə, yanaşma tərzi dəyişməyincə bu məsələdə heç nəyə nail ola bilməyəcəyik:
"Universitet rektorları bunda maraqlı olmalıdır. Amma görünür, maraqlı deyillər”. 
Rüfət Sultan