
"Mərkəzi Bankın xarici valyuta öhdəliklərinə bağlı investisiya layihələri və xarici borcların qaytarılması üçün valyuta bazarından kənarda vəsait axtarmasının səbəbi odur ki, 2017-2018-ci illər hökumətin özünün və dövlət sektoruna aid şirkətlərin kifayət qədər böyük həcmdə valyutaya ehtiyac var".
Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev şərhində deyib.
Rövşən Ağayevin sözlərinə görə, 2016-cı ildə büdcədən dövlət borclarının qaytarılması üçün nəzərdə tutulan vəsaitin 85%-i xarici borc ödənişləri ilə bağlı idi: "Amma 2017-ci ildə büdcənin borca xidmət xərclərindən 96%-i xarici borcların qaytarılması ilə bağlıdır. 2017-ci ildə dövlət büdcəsindən xarici borcların qaytarılmasına təxminən 1 mlrd. USD ayrılmalıdır. Məlumat üçün deyim ki, bu ölkənin səhiyyə büdcəsindən 2.1 dəfə çoxdur.Yeri gəlmişkən, yəqin dünyada öz büdcəsinin təxminən 10%-ni borcun qaytarılmasına xərcləyən ölkələr axtarsanız, belə nümunələrlə çox az qarşılaşarsınız və onlardan biri də biz olarıq".
Ekspert qeyd edib ki, 2018-ci ildə yekunlaşmalı olan TANAP-da Azərbaycanın öhdəliyi 8 mlrd. USD-yə yaxın qiymətlənidirilir: "2015-2016-da dövlət büdcəsi və Neft Fondu vasitəsilə bu öhdəliyin 2 mlrd. USD-yə yaxını artıq maliyyələşdirilib. Bu günlərdə Asiya İnkişaf Bankı layihə üçün 1 mlrd. USD kredit xətti açdı. 2017-ci ildə dövlət büdcəsi və Neft Fondu vasitəsilə təxminən 600 mln. USD-də ayrılacaq. Yenə də yaxın 2 il üçün ən azı 4-4.5 mlrd. USD-yə ehtiyac var. Bu isə orta hesabla 2017-2018-ci illər üçün ildə TANAP üçün ən azı 2-2.5 mlrd. USD valyuta vəsaiti tapılmasına ehtiyacın olduğunu göstərir".
Rövşən Ağayev vurğulayıb ki, bankların və qeyri-maliyyə şirkətlərinin dövlət zəamnəti ilə alınmayan, qaytarılmalı olan borc öhdəliklərini nəzərə alanda, qarşıdakı dövr üçün Mərkəzi Bankın narahatlığını anlamaq olar: "Heyf ki, ölkənin beyblxalq investisiya mövqeyinə dair məlumatlar açıqlanmır, o halda ölkənin xarici aktivləri və öhdəliklərinin nisbətini aydın görmək, yaxın dövrü daha rahatlıqla proqnozlaşdırmaq olardı. Amma bu məlumatı açıqlamaq öhdəliyi olan Mərkəzi Bank durumu "qara qutu"da idarə etməkdə maraqlıdır"...
Qaynarinfo.Az