
Qaynar.info kulis.az-a istinadən xəbər verir ki, bu fikirlər Qazax rayonundan olan şairlərin yaydığı bəyanatdandır. ADP sədri Sərdar Cəlaloğlunun Qafqazinfoya verdiyi müsahibədə Səməd Vurğun haqda işlətdiyi ifadələrə etiraz edən Qazaxlı şairlər bildiriblər ki, xalqın mənəvi pasportu olan bir sənətkara qarşı yönələn ölçüsüz-biçisiz bir hərəkəti pisləyirlər: “Hesab edirik ki, S.Cəlaloğlunun bu hərəkəti seçkilər öncəsi siyasi sabitliyi pozmağa yönələn və siyasi divident qazanmaq üçün atılmış yanlış bir addımdır. O, bu ifadəsi ilə, yəni xalqın dahi sənətkarını aşağılamaq cəhdiylə eyni şəkildə Ə.Əylisli və onu müdafiə edənlərin mövqeyində dayandığını nümayiş etdirmişdir.
Siyasət meydanında özünü göstərə bilməyən bir kəsin ədəbiyyat meydanına soxulmaq cəhdi çox gülüncdür! Hüseyn Cavid demişkən: “Ədəbiyyat başqa, siyasət başqa!”
Yaxşı olar ki, o, bir az savadını artırsın, M.Ə.Rəsulzadənin S.Vurğun yaradıcılığına verdiyi yüksək qiymətlə həm özü tanış olsun, həm də həmfikirlərini məlumatlandırsın.
Onun bu yaramaz və iyrənc hərəkəti xalqın ruhuna, mənəviyyatına, tarixinə, ədəbiyyatına, bütövlükdə Azərbaycanın müstəqilliyinə edilən qəsddir.
Təkcə Azərbaycan iqtidarına yox, xalqa da müxalifətdə olan bir siyasi qurumun “lideri” Azərbaycanın xalq şairinə qarşı işlətdiyi nalayiq ifadəyə görə şairin ruhundan və Azərbaycan xalqından üzr istəməlidir!”.
Bəyanatı aşağadakı şairlər imzalayıb:
Barat Vüsal - Azərbaycan Yazıçılar
Birliyi Qazax Zona filialının sədri, Əməkdar
İncənət Xadimi.
Bilal Qoca - AYB üzvü, filialda ədəbi-
məsləhətçi.
Saqif Qaratorpaq - AYB üzvü, Ağstafadakı
“Hüseyn Arif ədəbi məclisi”nin sədri.
Ələddin İncəli - AYB üzvü, ağsaqqal şair.
Şahinə Könül - AYB üzvü, Prezident
təqaüdçüsü.
Qaynar.info