Xəbər lenti

Yazdığı mesajdan sonra yoxa çıxan tennisçi ilə bağlı yeni iddia
İdman12:16 18.11.2021

Yazdığı mesajdan sonra yoxa çıxan tennisçi ilə bağlı yeni iddia

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təcavüzə məruz qaldığını dedikdən sonra yoxa çıxan və xəbər alına bilməyən çinli tennisçi Penq Şuainin məktub göndərdiyi iddia edilib.
Çin dövlət kanalı CGTN, ölkənin keçmiş baş naziri Zanq Qaolinin müavini tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia etdiyi mesajından bəri xəbər alınmayan Şuainin yazdığı iddia edilən bir məktub yayımladı. Qadın Tennis Assosiasiyasının (WTA) prezidenti və baş icraçı direktoru (CEO) Stiv Saymona göndərilən məktubda bu sözlər yazılıb: "Cinsi təcavüz iddiaları həqiqətə uyğun deyil. Mən təhlükəsiz olmayan yerdə deyiləm. İstirahət edirəm. Evdə hər şey qaydasındadır. Diqqətinizə görə təşəkkür edirəm”.
Məktuba baxmayaraq, noyabrın 2-də təqib edildiyini mesaj vasitəsilə ictimaiyyətin nəzərinə çatdırdıqdan sonra heç kimin görmədiyi, sosial media hesablarından da paylaşım etməyən Şuainin təhlükə altında olduğuna dair şübhələri daha da artırıb.
WTA vasitəsilə verdiyi açıqlamada Stiv Saymon 35 yaşlı çinli tennisçinin sözügedən məktubu yazdığına inanmaqda çətinlik çəkdiyini söyləyib: "Bu məktub onun harada olduğu və ya təhlükəsizliyi ilə bağlı narahatlığımı daha da artırdı. Zanq Qaoli Çin hökumətinin keçmiş ən yüksək rütbəli məmurlarından biridir. WTA və dünya ictimaiyyəti Şuainin təhlükəsiz olduğuna dair sübut gözləyir. Onunla əlaqə saxlamaq üçün çoxsaylı cəhdlər etdim, lakin uğursuz oldu. Qadının səsinə senzura qoyulmamalı və ya nəzarət edilməməlidir. Bu səs dinlənilməli və hörmət edilməlidir".
Şuai 2013-2018-ci illərdə Çində baş nazir müavini vəzifəsini icra edən Zanq tərəfindən 3 il əvvəl cinsi əlaqəyə məcbur edilməsi ilə bağlı mesajı ölkənin sosial media platforması "Weibo"da paylaşıb. İnternetin dövlət nəzarətində olduğu Çində paylaşım dəqiqələr ərzində silinsə də, tennisçinin bir neçə pərəstişkarı tərəfindən fotosu çəkilərək yayılıb.
WTA iddiaların şəffaf araşdırılmasını tələb edib, Peşəkar Tennis Assosiasiyası (ATP) da zorakılığı qınayıb. Bundan başqa məşhur tennisçilər serbiyalı Novak Cokoviç, yaponiyalı Naomi Osaka və fransalı Nikolas Mahut Şuaiyə dəstək mesajları göndərib.
2013-cü ildə "Uimbldon", 2014-cü ildə Fransa Açıq çempionatının qalibi olan və həmin vaxt dünya reytinqinin zirvəsinə yüksələn Penq, ABŞ Açıq çempionatında yarımfinala qədər gedib.
Səbuhi Həsənov