
Jalə İsmayıl
Təqvim ilimiz yeniləndi. Bütün dünyaya gözəl sözlər demək istəyir adam. Ən gözəl arzularını çatdırmaq, bu vurhavurda bütün dünyanı sevmək, bağrına basmaq üçün güc axtarırsan içində-çölündə. Amma alınmır. Çünki dünyanın içində elə alçaqlar var ki, o qədər aşağı əyilmək mümkün deyil, üstəlik də çox ziyandır.
Yeni il arzuları şablon, təkrar olsa da, eşitmək xoşdur yenə də. Hər ağızda bir kəramət var. Bəlkə, düşərli oldu, bəlkə də, göydə, yerdə eşidən oldu, kim bilir?
Mən yeni başladığımız ildə yaxşı-yaxşı yenilənməmizi istəyirəm. İstəyirəm ki, yeni ildə sevincimiz yenilənsin, ruhumuz yenilənsin, ab-havamız yenilənsin. Lap elə dərdlərimiz də yenilənsin! Ağrılarımız da yenilənsin!
Adamın nə qədər eyni yeri ağrıyar?! Razıyam, yenilənsin!
Yeni ildə gözəl ölkəmizin gündəmi yenilənsin. Başımızın üstündə yeni adamlar görək, yeni vədlər eşidək.
Yeni ildə mütləq rastlaşacağımız yeni adamlar, qoy şəxsi xoşbəxtliklərimizi yaşamağa imkan verməyən bu zavallı ölkənin dərdlərini unutdursunlar bizə!
İlahi, onları bu qədər güclü elə!
Amin!
Ümidlərimiz yenilənsin yeni adamlarla!