İki ay əvvəl dünyaya göz açmış körpə dünya işığından məhrum olub.
Valideynləri buna səbəb kimi doğuş həkiminin səhlənkarlığını göstərirlər. Çünki uşağın aparıldığı həkimlər gözün korluğunu doğuş zamanı aldığı travma ilə əlaqələndirirlər.
Maraqlısı budur ki, uşağın valideynləri doğuşdan sonra körpənin gözündə qızartı hiss ediblər və bu barədə doğuş həkiminə məlumat veriblər. Həkim isə bunun adi infeksiya olduğunu və narahatlığa əsas olmadığını deyib.
Uşağın anası, Cəlilabad rayon sakini Şərqiyyə Vəliyevanın doğuşu Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinikasında baş tutub. Sayt doğuşu həyata keçirən Zülfiyyə həkimlə əlaqə saxlayıb. O, doğuş zamanı körpənin travma almaq ehtimalının olmadığını deyib. Onun sözlərinə görə, əgər uşağı kor edə biləcək qədər ağır travma olsaydı, körpədə bunun əlamətləri kəskin şəkildə özünü biruzə verərdi.
Bir sözlə, həkim uşağın öz hesabına təkrar müayinədən keçirilməsinə belə razı olduğunu deyir və problemin həkim səhlənkarlığından qaynaqlanmamasında israr edir. (Xəzər Xəbər)