Xəbər lenti

Yeni strategiya: Qeyri-rəsmi məşğulluğun azalması üçün hansı addımlar atılmalıdır?
Ekonomiks 16:31 21.07.2026

Yeni strategiya: Qeyri-rəsmi məşğulluğun azalması üçün hansı addımlar atılmalıdır?

"Azərbaycanda Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" təsdiqlənib. Prezidentin imzaladığı müvafiq sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tədbirlərin icrasını əlaqələndirəcək və görülən işlər barədə hər il dövlət başçısına hesabat təqdim edəcək.

Tədbirlər Planının icrasının monitorinqi və qiymətləndirilməsi isə nazirliyin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Bəs yeni Tədbirlər Planı qeyri-rəsmi məşğulluğun azaldılmasına necə təsir göstərə bilər? İşəgötürənlərin rəsmi məşğulluğa marağını artırmaq üçün hansı stimullaşdırıcı mexanizmlərin tətbiqinə ehtiyac var?

Qaynarinfo mövzunu iqtisadçı Asif İbrahimovla müzakirə edib.

İqtisadçı bildirib ki, 2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planının təsdiqlənməsi müsbət addımdır:

"Əsas məsələ sənədin real iqtisadi nəticə verməsidir. Xüsusilə qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətində qarşıda ciddi problemlər dayanır".

Onun sözlərinə görə, praktika göstərir ki, qeyri-rəsmi məşğulluqla mübarizə yalnız yoxlamaların və cərimələrin artırılması ilə həll edilə bilməz:

"Əgər sahibkar üçün işçini rəsmi şəkildə işə götürmək iqtisadi baxımdan baha başa gəlirsə, dövlət yalnız inzibati təzyiqlə bu problemi tam aradan qaldıra bilməyəcək. Hesab edirəm ki, əsas yanaşma cəza modelindən stimullaşdırma və risk əsaslı nəzarət modelinə keçid olmalıdır. Rəsmi işçi çalışdıran, əmək müqavilələrinin sayını artıran və "ağ əməkhaqqı" ödəyən sahibkar iqtisadi üstünlüklər əldə etməlidir. Məsələn, yeni iş yerləri yaradan və işçiləri rəsmiləşdirən mikro və kiçik sahibkarlıq subyektlərinə müəyyən müddət üçün sosial sığorta güzəştləri tətbiq oluna bilər.

İlk dəfə əmək bazarına daxil olan gənclərin, uzunmüddətli işsizlərin və digər həssas qrupların işə götürülməsinə görə işəgötürənlərə əməkhaqqı subsidiyaları verilə bilər. Eyni zamanda, dövlət satınalmalarında rəsmi məşğulluq göstəriciləri yüksək olan və şəffaf əmək münasibətləri quran şirkətlərə əlavə üstünlüklərin verilməsi də stimullaşdırıcı mexanizm ola bilər".
 


İqtisadçı hesab edir ki, Tədbirlər Planının icrasında əsas məsələlərdən biri əməkhaqqı fonduna düşən vergi və sosial yükün optimallaşdırılmasıdır:

"İşəgötürən üçün rəsmi əmək münasibətləri nə qədər əlçatan və sərfəli olarsa, qeyri-rəsmi məşğulluğa maraq da bir o qədər azalacaq".

Asif İbrahimov nəzarət mexanizmlərinin də müasir yanaşmalara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb:

"Bütün sahibkarları eyni qaydada yoxlamaq əvəzinə, risk əsaslı elektron nəzarət sistemi qurulmalıdır. Vergi dövriyyəsi, işçilərin sayı, əmək müqavilələri və sosial sığorta ödənişləri arasında ciddi uyğunsuzluq olan müəssisələr əsas risk qrupu kimi müəyyənləşdirilməlidir. İşçinin özünün də rəsmi məşğulluqda marağı artırılmalıdır. Vətəndaş anlamalıdır ki, rəsmi əmək müqaviləsi sadəcə dövlət statistikası üçün rəqəm deyil. Bu, onun gələcək pensiyası, sosial təminatı, xəstəlik və məzuniyyət hüquqları, işsizlikdən sığortası və əmək hüquqlarının qorunması deməkdir".

Həmsöhbətimizin fikrincə, 2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının uğuru yalnız neçə nəfərin işlə təmin olunması ilə ölçülməməlidir. Əsas göstərici yaradılan iş yerlərinin nə qədərinin rəsmi, dayanıqlı və uzunmüddətli olmasıdır:

"Bu baxımdan strategiyanın icrasında konkret KPI-lər — qeyri-rəsmi məşğulluğun illər üzrə azalması, bağlanmış əmək müqavilələrinin sayı, orta rəsmi əməkhaqqının artımı, yeni yaradılan iş yerlərinin dayanıqlılığı və həmin iş yerlərinin neçə il sonra qorunub saxlanılması müəyyən edilməlidir. Əgər biz həqiqətən qeyri-rəsmi məşğulluğu azaltmaq istəyiriksə, sahibkara yalnız "işçini rəsmiləşdir, yoxsa cərimələnəcəksən" demək kifayət deyil. Sahibkara deməliyik ki, "işçini rəsmiləşdir, bunun qarşılığında sən də iqtisadi üstünlük qazan". Çünki dayanıqlı məşğulluq inzibati təzyiqlə deyil, işəgötürənin, işçinin və dövlətin maraqlarının uzlaşdırılması ilə formalaşır. 2026–2030-cu illər üçün əsas hədəf də məhz bu olmalıdır".

Günay İlqarqızı

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->