Xəbər lenti

Yenidən qurulan Neftçala - FOTOLAR
Ölkə11:39 26.11.2013

Yenidən qurulan Neftçala - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sonuncu on illikdə Azərbaycanın rayonlarında böyük abadlıq işlərinin aparılması bu gün ölkəmizin inkişafının əsas gösətəricilərindən biridir. 

Lakin elə rayonlarda var ki, hələ də, bu inkişafdan öz nəsibini ala bilməyib. Demək olar ki, tamamilə unudulan və Allahın ümidinə buraxılan rayonlardan biri də Neftçala rayonu idi.

Bu rayona yolu düşənlər yaxşı bilir ki, Neftçalada son abadlıq işləri ötən əsrin 80-ci illərində aparılmışdı. O zamandan bəri Neftçala rayonu ona qədər rayon rəhbəri dəyişsə də, Neftçalanın kasıb və səfalət qoxuyan siması dəyişməz olaraq qalırdı. Amma deyəsən artıq daşlar yerindən tərpənib. Bu gün Neftçalada yenidənqurma və quruculuq işləri sürətlə həyata keçirilir.

Artıq daşlar yerindən tərpənib

Salyandan Neftçalaya doğru irəliləyərkən ilk diqqətimizi çəkən yolların doğurdan bərbad olması idi. Rayon mərkəzinə girərəkən isə hər yerdə tikinti işlərinin aparılmasının şahidi oluruq. Demək olar ki, Neftçala yenidən sökülüb qurulur.

Bizi rayona «Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyi»nin Neftçala rayon şöbəsinin sədri Aydın Aslanov dəvət edib. Elə bizi də o, qarşılayır. Bir qədər söhbətdən sonra Aydın bəy bizi dəvətinin məqsədini açıqlayır. Son zamanlar mətbuatda Neftçala rayonu haqqında tənqidi mövzuda çoxlu məlumatların dərc olunması «Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyi»nin Neftçala rayon şöbəsinin sədrini narahat edir. O bir Neftçala sakini kimi rayonda çoxlu problemlərin olduğunu danmır. Neftçala doğurdan son 20 ildə problemlər içində itib-batıb. Amma son bir ildə aparılan quruculuq işlərinin heç kimin görməməsi və qeyd etməməsi Aydın bəyi incidir.

Biz Aydın bəylə söhbətimizi yollardan başlayırıq. Həmsöhbətimiz bildirir ki, hazırda rayonda böyük quruculuq işləri aparıldığından indiki dönəmdə yolların təmirindən söhbət gedə bilməz. Çünki yollar təmir olunsa belə aparılan quruculuq və abadlıq işləri çərçivəsində yenidən dağılacaq. Bu isə sonucda yolların təmirinə çəkilən xərcin çölə atılması anlamına gələcək. Neftçalada isə hazırda böyük layihələr həyata keçirilir. Buna görə də yollaın düzəlməsi yenidənqurma işlərinin sonuncu mərhələsində həyata keçiriləcək.

Neftçalanının bataqlıqları qurudulur

Rayon mərkəzinin yaxınlığında uzun illər boyu sakinlərin «qındırğalıq» dedikləri bataqlıq olub. Hazırda həmin bataqlıq tamamilə qurudulub. Bu işə böyük əmək sərf olunub. Hazırda həmin ərazidə bütün standartlara cavab verən avtovağzal və bazar inşa edilir.

Neftçala rayonu ən çox bazar problemləri mətbuatın gündəminə gəlib. Elə «Yeni Müsavat» qəzetinin reportyor qrupunun Neftçaladan hazırladığı sonuncu reportajda Neftçalanın köhnə bazarının natəmizliyinə, bazarda baş alıb gedən antisanitariyaya diqqət çəkilib. Sakinlər bazarda olan antisanitariyanının dözülməzliyndən şikayətlənirlər. Aydın bəy bildirir ki, artıq təzə bazar tikilib və ən yaxın zamanda istifadəyə veriləcək.

Təzə bazarı gəzirik. Artıq burda alver başlayıb. Hər sahəyə aid xüsusi şərait yaradılıb. Bazarın ortasında isə diri balıq alveri üçün hovuzlar yaradılıb. Müsahibimiz yeni ilə qədər təzə bazarın tam istifadəyə veriləcəyini bildirir.

Bazarın yaxınlığında, keçmiş bataqlıqda bütün standartlara cavab verən yeni Avtovağzal tikilir. Köhnə avtovağzal isə xarabalığı xatırladır. Aydın bəy bildirir ki, artıq bir neçə ildir ki, köhnə avtovağzaldan istifadə olunmur. Avtobuslar və taksilər isə müxtəlif yerlərdə özlərinə dayanacaq düzəldiblər. Yeni avtovağzal isə bütün standartlara cavab verəcək. «Yeni avtovağzal rayonunun yeni siması olacaq», deyə Aydın Aslanov bildirir.

Neftçalanının kanalizasiya dərdi öz həllini tapır

Neftçala şəhərinin ən böyük problemlərindən biri illərdir ki, kanalizasiya sistemidir. Neftçalada kanalizasiya sistemi yoxdur və şəhər yağıntılar zamanı suyun altında qalır. «Azərsu» ASC isə illərdir ki, bu problemi həll eləmir. Ən böyük və dəhşətli problem isə kanalizasiya sularının axıdılmasıdır. Uzun illərdir ki, 22 minlik şəhərin kanalizasiya suları «Qobu» deyilən gölməçəyə axıdılır. Bir zamanlar «Qobu» Neftçalanının əsas istirahət yerlərindən biri olub. Xəzər dənizinə çıxışı olan göldə bir zamanlar qayıqçılıq idman mərkəzi fəaliyyət göstərib. Hardasa qırx ildən çoxdur ki, «Qobu» gölü Neftçalarının ən böyük ekoloji probleminə çevrilib. Belə ki, kanalizasiya sularının axdığı göl üfunət və xəstəlik mənbəyinə çevrilib.

Aydın Aslanov bildirir ki, Neftçalanının icra başçısı İsmayıl Vəliyev  rayona təyinat aldıqdan sonra ilk işlərindən biri bu antisanitariya mərkəzini ləğv etmək olub. Hazırda «Qobu» gölü qurudulub və göldə qazıntı işləri aparılır. Layihəyə əsasən göl qazıldıqdan sonra Xəzər dənizi ilə yenidən birləşdirləcək və gölün hər iki sahili boyunca park salınacaq. Həmçinin yenidən göldə avarçılıq İdman Mərkəzi yaradılacaq və Neftçalarının əsas istirahət mərkəzlərindən birinə çevriləcək.

«Kür qırağının əcəb seyrangahı var»

Bu gün Neftçalada aparılan yenidənqurma işlərinin ən böyüyü isə Kür sahilində salınan bulvardır. Həmin ərazidə həmçinin yeni Bayraq meydanı inşa olunub.

Aydın bəy bildirir ki, Kür qırağı bütün sahil boyunca yulğun və başqa kolluqlardan ibarət olub. Amma İsmayıl Vəliyev Neftçalaya gəldikdən sonra bu ərazilər təmizlənib və yerində sahil boyunca bulvar salınıb. Bayraq meydanından baxdıqda hardasa 2 kilometr uzanan bulvar adamın gözünü oxşayır. Aydın Aslanov onu da bildirir ki, bulvarın tikintisi hələ davam edir və Bankə qəsəbəsinə qədər uzanacaq. Həmçinin qarşı sahildə, Bankə qəsəbəsinin ətrafında bulvar salınacaq.

Yenidən doğulan Neftçala

Bu gün Neftçala şəhəri doğurdan tikinti meydançasını xatırladır. İdman kompleksləri, stadionlar inşa edilir. Yeni icra hakimiyyəti binası, maliyyə idarəsi və başqa müəssisələrin yeni binaları inşa olunub. Hazırda Şəhidlər kompleksinin inşası aparılır. Həmçinin rayonunun mərkəzində Heydər Əliyev mərkəzi tikilir.

Aydın Aslanov bildirir ki, İcra başçısı İsmayıl Vəliyevi heç vaxt öz yerində tapmaq olmur. O fəhlə geyimində inşaatlarda durub oturur. Elə adamları da inşaat meydanlarında qəbul edir.

Sonda Aydın Aslanov bildirir ki, o rayonunun problemlərinin mətbuatda işıqlandırılmasının, məsul orqanların və şəxslərin tənqid olunmasına qarşı deyil: «Amma bizim rayonda aparılan quruculuq işləri də qeyd olunmalıdır. Artıq biz bir neftçalalı kimi istəyirik ki, Neftçala haqqında danışılırkən rayonumuzun uğurlarıv da qeyd olunsun. Biz Neftçalada abadlıq və yenidənqurma işlərinin apaprılması üçün rayonumuza maliyyə vəsaiti ayıran cənab prezidentimiz İlham Əliyevə təşəkür edirik. İnanırıq ki, ən yaxın zamanda Neftçala ölkəmizin ən səfalı rayonlarından biri olacaq. Xüsusilə rayonumuzun turizim imkanları böyükdür. Neftçala Xəzər dənizinin sahilində, Kür çayının mənsəbində yerləşir. Hesab edirik ki, Neftçalada turizmə sərmayə qoyularsa, bu sərmayə özünü doğruldacaq. Digər tərəfdən Neftçaldanının ən böyük problemlərindən biri daimi iş yerlərinin az olmasıdır. İş axtaran gənclərimiz var. Neftçalada istehsal sahələri açmaq üçün təbii şəraitlər var ki, bu şəraitlər də dəyrləndirilməlidir»./PİA.Az/