Xəbər lenti

Yevlaxda ağır qəza keçirən futbol hakimin qardaşı hadisənin təfərrüatını danışdı
İdman 13:00 12.12.2022

Yevlaxda ağır qəza keçirən futbol hakimin qardaşı hadisənin təfərrüatını danışdı

Azərbaycanlı futbol hakimləri Elmin Süleymanov, Rəsul Babayev, Asif Abdullayev, Rövşən Rəcəbov və hakim-inspektor Ceyhun Haşımov dekabrın 10-da Mingəçevirdə keçirilən Birinci Divizion matçından qayıdarkən avtomobil qəzasına düşmüşdü. Qəzadan dərhal sonra Yevlaxda xəstəxanaya yerləşdirilən və ilkin tibbi yardımlar göstərilən hakimlər artıq Bakıya gətirlib. Onlar "Live Bona Dea” xəstəxanasında yerləşdirilib. Yaralılardan Ceyhun Haşımovun qardaşı Mübariz Haşımov onların son durumu haqqında məlumat verib.

O, Qaynarinfo-ya açıqlamasında hadisə barədə məlumat verməklə yanaşı, qardaşının əməliyyat olunacağını və çanağına protez qoyulacağını deyib:

"Çanağında və bud sümüyündə çoxsaylı sınıqlar var. Daxili orqanlarında elə də ciddi problem yoxdur. Ümumiyyətlə, bədəninin aşağı nahiyəsində çoxsaylı sınıqlar var. Dizdən aşağı, xüsusən topuq və baldır hissəsində sınıq olmasa da, xəsarət halları var”.

Sabiq referi qardaşının idarə etdiyi avtomobilin qarşısına əks yoldan "Opel” markalı maşının çıxması nəticəsində qəza baş verdiyini də deyir:

"Mingəçevirdə baş tutan oyundan qayıdırdılar. Avtomobildə hakimlər briqadası olub. Ceyhun da matçın hakim-inspektoru idi. Avtomobildə 5 nəfər olublar və onu Ceyhun idarə edib. Mingəçevirin çıxacağında, Yevlax istiqamətində əks tərəfdən yüksək sürətlə gələn "Opel” isə yüksək sürətlə qəfildən bunların qarşısına çıxıb. Bunlar isə icazə verilən sürətlə gedirmişlər. Hadisə anında vəziyyətdən qaçmaq heç cür mümkün olmayıb. Zərbə qardaşım tərəfdən dəyib. Yaxşı ki, maşınlar üzbəüz bir-birinə çırpılmayıblar. "Opel” markalı nəqliyyat vasitəsi təkərlə qapının arasına çırpılıb. Onun sürücüsü dərhal yerində vəfat edib. Qardaşımgilin maşını aşmasa da, yoldan çıxıb 50-60 sm dərinliyi olan xəndəyə düşüb. Rövşən Rəcəbov hadisə zamanı özündə olub, dərhal mingəçevirli keçmiş hakim, hazırda hakim-inspektor kimi fəaliyyət göstərən Rövşən Əhmədovla əlaqə saxlayıb. Oyuna ezam olunmuş PFL-in əməkdaşları da dərhal özlərini hadisə yerinə çatdırıblar. Yoldan keçən şəxslər onlara yardım etməyə çalışıb. Amma Ceynun sükanın arxasında sıxıldığından onu çıxarmaq mümkün olmayıb. Yalnız Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək müəyyən ləvazimatlar vasitəsilə maşını kəsərək Ceyhunu sıxılıb qaldığı yerdən çıxarıblar. Maşında olan digər hakimlərdən Elmin Süleymanovun üz nahiyəsində çoxsaylı xəsarət halları var. Onu da tez-tez ziyarət edirik. Onları hadisədən sonra dərhal Yevlax şəhər xəstəxanasına çatdırıblar. İlkin yardım göstəriblər, müvəqqəti gips qoyublar ki, Bakıya gətirilsinlər. Ceyhun və Elmin Bakıda xəstəxanaya yerləşdiriliblər. AFFA-nın nəzarəti altındadırlar, yüksək səviyyədə müalicə olunurlar. Ceyhunun çanaq nahiyəsində çoxsaylı sınıqlar olduğuna görə heç cür düzəlmir. Bərpa etmək mümkün deyil. Onun çanağına uyğun, xüsusi ölçülərlə protez sifariş edilib. Səhv etmirəmsə, ABŞ-də hazırlanıb Azərbaycana gətiriləcək. İnşallah həftənin beşinci günü qardaşımın çanağı protezlə əvəzlənəcək. Hadisənin baş vermə dərəcəsi ilə xəstələrin vəziyyətini müqayisə etsək, Allaha çox şükür ki, sağ qalıblar. Digər üç hakim yüngül bədən xəsarətləri ilə sovuşublar. Yalnız Elminin almacıq sümüyündə, burnunda sınıq var. Alın sümüyündə çat var. Həkimlər sağ olsunlar, səhərdən axşama qədər müalicə edirlər. Baş həkimin birbaşa nəzarəti altındadırlar. AFFA-nın məsul şəxləri tez-tez Ceyhunun, Emilin yanında olurlar. Baş katib Sərxan Hacıyev tez-tez maraqlanır. AFFA prezidenti Rövnəq Abdullayevin birbaşa tapşırığı var ki, xəstələr tez bir zamanda lazımi tədbirlər görülsün, müalicə olunub evlərinə qayıtsınlar”.

Haşımov tezliklə qardaşının və digər xəstələrin ayağa qalxıb yeriyəcəyinə ümid etdiyini bildiir: 

"Çox ağır əməliyatdır. Çünki zərbə ağır olub. Bərpa olunması bir neçə ay davam edəcək. Əməliyyatdan sonra AFFA-nın həkimi xəstəni nəzarətdə saxlayacaq, reablitasiya kurslarına cəlb edəcək. Həkimlər mütəmadi olaraq onların sağalaması üçün işləyəcəklər. Düzdür, Ceyhunda idman fəaliyyəti onsuz da yox idi. Çünki hakim kimi karyerasını bitirib, hazırda hakim-inspektor kimi fəaliyyət göstərir. Hərdənbir fiziki hazırlıq üzrə məşqlərdə uşaqlarla birlikdə iştirak edirdi. Yəqin ki, daha bundan da məhrum olacaq. Ayağa qalxıb yerisə, bəsdir. İnşallah yeriyər”.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->