Xəbər lenti

Yığmamızın sabiq üzvü: “Futbolu milli üçün oynamırsan ki...”
İdman06:09 06.10.2021

Yığmamızın sabiq üzvü: “Futbolu milli üçün oynamırsan ki...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sumqayıt”ın son oyunlarda zəif çıxışı diqqətdən yayınmır. Daha doğrusu, mövsümə yaxşı başlasa da, son 4 turda 3 məğluiyyət və 1 heç-heçə komandanın hələ tam toparlana bilməməsindən xəbər verir. Sumqayıt təmsilçisi növbəti turda ölkə çempionluğuna əsas namizədlərdən biri - "Neftçi” ilə qarşılaşacaq. Bu mənada komandanın durumu ilə bağlı təcrübəli futbolçulardan olan Elvin Məmmədovla danışdıq. 
Qaynarinfo-ya müsahibəsində həm komandasının, həm də özünün durumu ilə bağlı fikirlərini bildirən Elvin milli haqda da suallarımızı cavablandırdı.
- "Neftçi” ilə oyuna hazırlıqlar necə gedir?
- İki gün istirahət etdik. Bu gündən məşqlərə başlamışıq. Hazırlaşırıq, məşqlərimiz yaxşı gedir. 
- "Neftçi” ölkə çempionluğuna əsas namizədlərdən sayılır. Bu oyun üçün xüsusi hazırlıq keçirsiniz?
- Yeni başlamışıq. Baş məşqçi nə desə, ona uyğun hazırlaşacağıq. "Neftçi” liderlərdən biridir. Hər oyun çətindir. Bu oyun bizim üçün daha çətin olacaq. Bu görüşə də maksimum şəkildə hazırlaşacağıq. Məqsədimiz xallar qazanmaqdır. İnşallah ödəsindən gələrik. Yaxşı kollektivimiz var. Futboldur, hər şey ola bilər. 
- Son 6 turda 2 qələbə qazanmısınız. Bu başlanğıcı normal saymaq olar?
- Faciəvi durum deyil. Çempionat yeni başlayıb. Rəqiblərlə aramızda o qədər də böyük xal fərqi yoxdur. Amma amalımız var. Niyə də olmasın? Keçən il də komandada bir az eniş yaşandı. Sonradan toparlandıq. Komanda daxilində hər şey qaydasındadır. Biz də qələbə qazanmağa, məşqçinin dediklərini etməyə çalışırıq. 
- Xüsusən son dörd oyunda bir heç-heçə etmisiniz, üç dəfə məğlubiyyətlə üzləşmisiniz. Belə zəif çıxışın səbəbləri nədir?
- Zəif oynayırıqsa, deməli, hər birimizdə nüans var. Bu barədə nəsə demək yersiz olar. Uduzmuşuqsa, zəif çıxış ediriksə, bu, hər bir futbolçuya aiddir. Fərd olaraq kiminsə adını çəkməyin yeri yoxdur. 
- Bəlkə taktiki, texniki baxımdan çətinliklər var?
- Bu bizə aidiyyatı olan bir şey deyil.
- Ümumiyyələ, komandanın eniş yaşadığını düşünmək olar?
- Mən elə fikirləşmirəm. Yaxşı kollektivimiz olduğunun fərqindəyik. Bunu tam səmimiyyətlə deyirəm. Eniş hər bir komandada olur. Buna eniş də demək olmaz. Sadəcə, bəzi oyunlar var ki... Məsələn, "Qəbələ” ilə çox yaxşı mübarizə apardıq. Olmayanda olmur. Futbolun gözəlliyi də bundadır. Hər oyunda qələbə qazansan, çempionluğa da gedə bilərsən. 
- Bu mövsüm qarşınızda hansı hədəflər var? Ümumiyyətlə, belə davamiyyətlə avrokuboklara vəsiqə qazanmaq ehtimalı nə qədərdir?
- Konkret qarşımıza məqsəd qoymayıblar ki, mütləq Avropaya getməlisiniz, yaxud ikinci-üçüncü yeri tutmalısınız. Məşqçimiz deyir ki, layiqli mübarizə aparın, nəticə özü gələcək. 
- Bu mövsüm meydanlarda az görünürsünüz. Səhv etmirəmsə, cəmi iki oyunda şans qazanmısınız...
- İlk oyunda və bir də "Qarabağ”a qarşı 15 dəqiqə meydana çıxmışam. Bu, məşqçinin fikridir və normaldır. Məndən başqa da futbolçular var ki, az şans qazanır. Bu isə kollektivə və mənim oynayıb-oynamamağıma təsir etmir. Nəticə qazananda bu, gözə görünmür. Məşqçi şans verəndə əlbəttə, onun tapşırıqlarını canla-başla yerinə yetirməyə çalışıram. 
- Hazırda fiziki durumunuz nə yerdədir?
- Şükür Allaha, hər şey qaydasındadır. Komanda ilə birlikdə məşq edirəm. Məşqçinin verdiyi tapşırıqları maksimum yerinə yetirməyə çalışıram. Yəni, vəziyyət yaxşıdır. Özümü də yaxşı hiss edirəm.
- Meydana az-az çıxmağınızla bağlı məşqçi ilə söhbətiniz olub?
- Xeyr, Ayxan müəllimlə səmimiyyətimiz tam fərqlidir. Mənə böyük qardaş münasibəti var. Sağ olsun, hər dəfə dəstəyini göstərir. Zədə alanda, oynayanda, oynamayanda belə hər zaman dəstəyini əsirgəmir. Şans verəndə də, komandama maksimum şəkildə kömək etməyə çalışıram. Normal qarşılayıram. Futboldur, bu gün oynayarsan, sabah yox.
- "Qocaldığınızı” düşünmürsünüz?
- Jurnalistlər bu sualları yersiz verir. Hələ 33 yaşım var. Nə bilim, bu mövzu təkcə Azərbaycandadır. 30 yaşdan sonra belə suallar verilməyə başlayır. Baxın çempionata, mənim yaşımda olan nə qədər futbolçu var. 
- Bir çox təcrübəli futbolçular millidən kənarda qalanda və klubunda da əsas heyətə düşməkdə çətinlik çəkəndə, adətən belə fikirlər yaranır...
- Karyeramı bitirəndə onsuz da biləcəksiniz. Hər dəfə belə suallar verilir. 
- Adətən sizin yaşınızda olan futbolçular qarşıdakı planlarla bağlı düşünürlər. Bəziləri məşqçi olmağı arzulayır, bəziləri başqa sahədə çalışmağı. Sizin planlarınız necədir?
- Hələ ki, planım yoxdur. Necə davam edəcəyimə qərar verməmişəm. Əlbəttə, hər kəsin məşqçi olmaq arzusu var. Amma çətindir. Futbol oynamaq asandır, amma məşqçi olmaq tam fərqli işdir. Bəlkə də kənardan baxana asan gələr. Amma elə deyil. Hər futbolçunun psixologiyasını bilməlisən. Bunun üçün təcrübə lazımdır. Bəlkə də olar, ya olmaz.
- Bundan sonra daha neçə il oynamaq gücündəsiniz?
- Fiziki durumumla bağlı yalnız özüm qərar verə bilərəm. Görsəm ki, alınmır, kənara çəkiləcəm. Zaman göstərəcək. Ola bilər növbəti mövsüm başqa məşqçi gələr, fərqli futbol tələb edər. Bu normaldır. Məşqçinin fəlsəfəsinə uyğun olmaya bilərsən. Bu gün Ayxan müəllim məni götürübsə, deməli, güvənib. Sabah desə ki, "mənə lazım deyilsən”, o zaman bir addım ataram. Bu gün üçün elə deyil.
- Milliyə yenidən dəvət almağa hələ ümidiniz var, yoxsa yığma karyeranızı bitirdiyinizi elan etmək istərdiniz?
- Nə deyim? Hər məşqçinin öz fəlsəfəsi var. Bəlkə məşqçi elə bir oyunumu görəcək ki, milliyə çağıracaq. O barədə fikirləşmirəm. Futbolda hər şey mümkündür. Necə deyə bilərəm ki, 3-5 aydan sonra nə olacaq?
- Bəzən bu durumda təcrübəli futbolçular belə həvəsdən düşür...
- Həvəsdən düşmürəm. Fubolu milli üçün oynamırsan ki. 
- Hazırkı millinin durumunu necə qiymətləndirirsiniz?
- Yaxşı.
- Qarşıdan İrlandiya və Serbiya ilə oynunlar gəlir, nəyə ümid edə bilərik?
- Sadəcə, arzu edirəm ki, qələbə qazansınlar. Başqa fikir bildirmək istəmirəm.
- Sentyabrdakı oyunlarda millimiz uğursuz çıxışla yadda qaldı. Millinin sabiq futbolçusu kimi necə düşünürsünüz, komandada nə çatmır?
- Bu suala cavab vermək istəmirəm. Vaxtında millidə oynayanda deyirdim ki, filan şeylər var. İndi kənardan nəsə danışmaq asandır. Komanda daxilində nələrin baş verdiyini bilmirik axı. Sadəcə, dəstək olmaq lazımdır. Çünki milli hamımızındır. Gənc, Avropada oynayan futbolçularımız var. Dəstək göstərmək lazımdır ki, daha da inkişaf etsinlər. Digər gənclərimiz də Mahir, Namik, Anton kimi xaricə getsə, inkişaf edəcəklər. Gələcəyin komandası qurulursa, fəlsəfə varsa, niyə də olmasın. 2-3 ilə nəticə verərlər.
Səbuhi Həsənov