
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi toy şənliklərinin keçirildiyi obyektlərin yol kənarında yerləşən inzibati binaları qarşısında reydlərə başlayır.
Bu barədə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, toy mövsümünün başlanması ilə əlaqədar yolların hərəkət hissələrinə yaxın olan inzibati binaların qarşısında dayandırılan nəqliyyat vasitələri bu yolla hərəkət edən digər avtomobillərə maneələr yaradır. Məsələn, yola bitişik olan elə şadlıq evləri var ki, onların qarşısında bir cərgə avtomobillər dayananda, ikinci cərgə artıq yolun hərəkət hissəsinə düşür.
"Xahiş edirik ki, toyda iştirak edən vətəndaşlar diqqətli olsunlar. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yollara bitişik ərazilərdəki şadlıq saraylarının inzibati binaları qarşısında düzgün saxlanılmayan avtomobillərin sürücülər tərəfindən parklanma qaydalarının pozulmasına qarşı tədbirlər keçirməyi planlaşdırır. Yolun hərəkət hissəsində avtomobillərin saxlanması həm yollarda süni sıxlığın və tıxacların yaranmasına səbəb olur, həm də "Yol hərəkəti haqqında" qanunun tələblərinin pozulması kimi qiymətləndirilir. Sürücülərdən xahiş edirik ki, diqqətli olsunlar. Bu məsələyə toy sahibləri də mütləq nəzarət etməli, imkan çərçivəsində bunun üçün xüsusi adam ayırmalıdırlar. Toy sahibi anlamalıdır ki, o da sabah digərləri kimi həmin yoldan keçəcək", - Əsədov qeyd edib.
Bölmə rəisi xəbərdar edərək bildirib ki, toy şənliklərinin keçirildiyi ərazilərdə avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq yol-hərəkət qaydalarını pozan sürücülərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq təxirəsalınmaz tədbirlər görüləcək və onlar məsuliyyətə cəlb ediləcəklər. // Trend