Xəbər lenti

Yol polisini hansı general tutdurub?
Ölkə 11:07 14.04.2015

Yol polisini hansı general tutdurub?

Ilham Əliyevə ünvanlanan müraciətdə ilginc iddialar.

Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi 1130 məhəllə, ev 2, mənzil 4-də yaşayan Azayev Isif Rəhim oğlu ölkə başçısı Ilham Əliyevə müraciət edib. O müraciətinə bir surətini də “Azadlıq”a göndərib. Isif Azayev ölkə başçısına yazır ki, oğlu Fərid Azayev Baş Dövlət Yol Polisi Idarəsinin əməkdaşı olub.

Lakin saxta ittihamlar nəticəsində həbs edilib. Fərid Azayev həbs edilənə qədər həm də Polis Akademiyasında təhsil alırmış. Onun həbsinə gəlincə, atası yazır: “Xətai rayon Polis Idarəsinin 35-ci Polis Bölməsinin əməliyyatçıları 2014-cü il dekabr ayının 21-dən 22-nə keçən gecə saat 03:00-da Fərid Azayevi həbs ediblər. Guya oğlum bir qrup şəxslə əlbir olaraq Sevinc Məmmədova və Şəfəq Beydullayeva adlı şəxsləri oğurlayaraq onlara qarşı seksual xarakterli hərəkətlər edib. Bu tamamilə saxta ittihamdır. Mənim oğlum orda olmayıb. Bunun şahid ifadələri də təsdiq edir”.

Isif Azayevin sözlərinə görə, oğlunun həbsində DIN-in generallarından birinin və tanınmış sənətçilərin adları keçir. Şikayətçi hələlik onların adlarını açıqlamaq istəmir. Hadisə barədə isə Isif Azayev yazır: “Fəridin qardaşı Faiq 2014-cü ilin dekabr ayının 21-dən 22-sinə keçən gecə avtomobili idarə edərkən maşına könüllü olaraq iki qız mindirib. Bunu Həsənov Akif Abdulla oğlu və həyat yoldaşı Abdullayeva Kifayət Qasım qızı təsdiq edir. Akif Həsənov istintaqa ifadəsində deyib ki, həyat yoldaşı ürək xəstəsi olduğundan gecələr onunla gəzintiyə çıxır. Dekabrın 21-22-nə keçən gecə də həyat yoldaşı ilə gəzintiyə çıxıbmış. Həmin vaxt Faiqi görüb. Faiqi tanıyırmış. Ona görə də onunla hal-əhval tutub. Həmin vaxt görüb ki, iki qız şən əhval ruhiyyədə avtomobilə mindilər. Akif Həsənovun həyat yoldaşı da deyilənləri təsdiq edir.

Faiq həmin qızlarla yarım saat gəzəndən sonra gətirib qızları düşürüb. Qızlar ona “bizim vaxtımızı almısan pul ver” deyə pul tələb ediblər. Bunu Hüseynov Ramil Hüseyn oğlu və Əliyev Məhərrəm adlı şəxslər də görüb və ifadələrində təsdiq ediblər. Daha sonra qızlar “pul vermədin gör indi başınıza nə oyun açağacıq” deyərək gediblər. Bütün bu ifadələr sübut edir ki, həmin gün avtomobili Fərid yox, Faiq idarə edib. Digər tərəfdən Faiqin əməlində hər hansı cinayət tərkibi yoxdur. Bu necə adam oğurlamaqdır ki, şəhərdə gəzdirib sonra qapısında düşürürsən? Digər tərəfdən oğurlanan adam niyə gülə-gülə, şən əhval-ruhiyyədə maşına minir ki?"

Isif Azayev yazır ki, bütün bu qanunsuzluqları edən Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emzar Qocayev və onun havadarlarıdır: “Emzar Qocayev gürcüstanlıdır. Istintaqın rəisi Cəfər Cəfərov da onların yerliləridir. Eyni zamanda  Fəridə şər atan Məmmədova Sevinc və Şəfəq Beydullayeva da gürcüstanlıdır. Ona görə də onlar birləşib məqsədli və sifariş əsasında oğluma belə bir tələ qurublar. Emzar müəllim bir neçə yerdə ağzından qaçırıb ki, bu qanunsuzluqları mənə həyata keçirməyə Bakı şəhər Prokurorunun müavini Azər Əsgərov və Cəfər Cəfərov göstəriş veriblər”.

Öyrəndik ki, Fərid Azayevin vəkili Adəm Məmmədovdur. Məsələ ilə bağlı onunla da söhbətləşdik. Vəkil “Azadlıq”a açıqlamasında bildirdi ki, Fərid Azayevə Cinayət Məcəlləsinin 144.2.1(iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1(bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham verilib: “Bunun da nəticəsində Səbail Rayon Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Bu cinayət işi tamamilə absurdlar üzərində qurulub. Belə ki, Cinayət Məcəlləsinin 144-cü maddəsinin qeyd hissəsində göstərilir ki, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Əgər hadisə Fəridin iştirakı ilə olmuşsa belə ona 144-cü maddənin cinayət tərkibli əlamətləri ilə ittiham verilməsi qanunsuzdur. Zərərçəkmiş şəxs özünün oğurlanması barədə hüquq-mühafizə orqanlarına maneəsiz şikayət edərək polis orqanlarının inzibati binasına sərbəst şəkildə daxil ola bilirsə, burada 144-cü maddədə nəzərədə tutulan tərkib əlamətlərinin mövcud olmasından söhbət belə gedə bilməz. Qızlardan birinə qarşı edildiyi iddia olunan seksual xarakterli hərəkətlər isə heç bir şahid ifadəsində təsdiqini tapmayıb. Buna görə də qanunun gücünə inanıram və araşdırmamın nəticəsi olaraq qəti əminəm ki, ədalət məhkəməsi bir gənc polis işçisinin həyatını məhv olmağa qoymayacaq”.

Vəkil onu da bildirib ki, Fərid Azayev haqsızlığa etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. niyyətindədir.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->