
Azərbaycanlı gənc jurnalist, siyasi fəal - Ramik Rzayev evindən aparılaraq fiziki zorakılığa məruz qalıb. Dörd gün öncə, 19 sentyabr 2016-cı ildə yaşadığı evdən Xətai rayon polis bölməsinə aparılaraq 2 gün sorğu-suala və fiziki zorakılığa məruz qalan Ramik Rzayev hal-hazırda aldığı ağır kəllə-beyin xəsarətləri səbəbi ilə Respublika Neyrocərrahiyə Xəstəxanasında müalicə olunur.
Yaxınlarının bildirdiyinə görə Ramik Rzayevin tutulmasının və zorakılığa məruz qalmasının səbəbi 12 və 17 sentyabr tarixlərində Azərbaycan Respublikasının konstitusiyasının dəyişdirilməsinə etiraz olaraq “Monarxiyaya son” dinc etiraz nümayişinin təşkilatçılığı və iştirakı, həmçinin, onun 13 sentybar tarixində Fransaya səfər edərək Paris şəhərində Avropada yaşayan azərbaycanlı müxalif gənclərlə görüşmüşdür.
Həmçinin redaksiyamıza daxil olan məlumata görə Ramik Rzayevə Xətai Rayon Polis Bölməsində sorğu-sual zamanı bildirilib ki, o, fəaliyyətini davam etdirəcəyi təqdirdə “Fətullah Gülən şəbəkəsi” ilə əlaqələrdə təqsirləndirilərək uzunmüddətli həbs olunacaq və ailəsinə təzyiqlər artırılacaqdır.
Bildiririk ki, Ramik Rzayev 2014-cü ildən “Qaynar.info” saytının əməkdaşıdır və sərt tənqidçi yazıları ilə daim hakimiyyətin yürütdüyü siyasəti ifşa etmişdir.
Qaynarinfo.Az