Xəbər lenti

Yüksək mükafat
Ölkə14:41 07.08.2019

Yüksək mükafat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hər insan ömrü Tanrının ona  yaxşı əməllərlə varlığını sonsuzluğa qədər uzatması üçün verdiyi imkan, müddətdir. Bir həqiqət var ki, hər kəs ona verilən bu möhləti əməlləri ilə əbədiləşdirə bilmir. Uzun və ya qısa ömür sürməyindən asılı olmayaraq həyatda iz saxlayan, əməlləri ilə yaddaşlarda qalan insanlar Tanrının sevib seçdiyi bəndələrdir... Bəlkə buna görədir ki, müdriklərimizin "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma”  kimi kəlamı  yaranıb...  
Məhz belə müdrik, sözün əsl mənasında ağsaqqal, xalqına gərəkli, mənalı ömrü xeyirxah əməllərlə dolu, əsl Azərbaycan kişisinə  məxsus xüsusiyyətlərə  malik  insanlardandır Sultan Məmmədov.  O, mənəvi kamillik zirvəsini öz saflığı, xeyirxahlığı və zəhməti ilə qazanıb. 
Qısa tanıtma:  Sultan İsrafil oğlu Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetini, 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973-77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977-1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988-1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992-1995-ci illərdə isə Azərbaycan Respublikası Mənzil-komunnal Təsrrüfatı  nazirinin birinci  müavini vəzifələrində çalışıb.
Üç çağırış Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Mənzil-kommunal daimi komisiyasının sədri olub. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərib. Sultan  Məmmədov ömrünün 50 ildən çox hissəsini SSRİ zamanında yaşayıb. Həmin vaxtlarda da o, xalqına göstərdiyi  diqqət və qayğı ilə özünün ali insani keyfiyyətlərinin  daşıyıcısı olduğunu təsdiq edib. O, elə o vaxtlardan el arasında  özünün "yaxşı  adam”, "ağsaqqal” kimi ali titullarını qazanıb.  Yorulmaz fəaliyyəti,  gərgin zəhməti dövlət tərəfindən dəyərincə qiymətləndirilib. Səmərəli fəaliyyətinə görə "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilib.  
Bu günlərdə isə Sultan müəllim  Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə daha bir medalla təltif olunub.  Ona "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi  (1918-2018)”  yubiley medalı təqdim olunub.  Sultan müəllim müstəqil ölkəmizin, dövlətçilik tariximizin  atributu olan bu medalı ən ali mükafatlarından biri hesab edir və onu bu şərəfə layiq bildiyinə görə Azərbaycanın Dövlət başçısına minnətdarlığını bildirir. Biz də öz növbəmizdə el ağsaqqalı Sultan Məmmədovu  yüksək mükafat alması münasibətilə təbrik edir, ona can sağlığı, uğurlar arzu edirik. 
Eldar Xeyrulla oğlu,
AJB-nin üzvü