Xəbər lenti

Yuxudan diksinib ayılmaq
Ölkə08:31 03.04.2014

Yuxudan diksinib ayılmaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mövlud Mövlud

Namaza təzə gəlmişdim. Yarım saat əvvəldən rayon məscidinin həyətində olur, əzan verilənə kimi dəstəmazımı alıb içəri keçirdim. Bir dəfə, necə oldusa, namaza gecikdim. Mən məscidə çatanda artıq əzan başlamışdı. Dəstəmazxanaya yüyürdüm. İçəridə bir xeyli adam var idi. Qonşumuz Xəlil də ordaydı. Onun yanında dayanıb növbəmi gözləməyə başladım. 

- Əssəlam aleykum.

- Aleykumsalam və rahmatullah...

- Qaqa, sən Ülvininmi qardaşısan?

- Hə.

- Neçə yaşın var?

- Yeddi

- Get məscidə, Sənə dəstəmazsız namaz qılmaq olar.

Bir az tərəddüd elədimsə də, Xəlilin sözünü çevirmək istəmədim. Məscidə tərəf bir-iki addım atıb geri qanrıldım. Nigaran-nigaran ona baxdığımı görən Xəlil gülümsədi:

- Gözəl qardaşım, sən hələ həddi-büluğa çatmamısan. İnşallah, çatanda, sən də dəstəmaz alarsan. 

Həddi-büluğ sözünün mənasını bilməsəm də, Xəlilin üzümə mehribanlıqla gülümsəməsi ürəyimi rahatlatdı. 

***

Bir qohumgilə ad gününə dəvət olunmuşduq. Ailəmizin pul sarıdan bir az korluq çəkdiyindən vallah, belə pis də çıxmasın, hədiyyə ala bilmədik qohumgilə. Axırda məcbur olub Zefir aldıq. Getdik, "Zefir"i qoyduq stola, yaxşı da iştirak elədik. Məclis sona yetdi. Ev yiyəsi bizi qapıdan yola salanda əlində tutduğu "Zefir" qutusunu bizə uzatdı.

- Vallah çox sağ olun, xərcə-xəsarətə ehtiyac yoxdur. Bunu aparın, evdə çayla içərsiniz. Elə sizin gəlməyiniz dünyalardı bizim üçün. Aparın bunu, aparın. 

***

"Ucuz meyxanələr küncü"ndə mey içib ağladığım olur hərdən. Ağlaya-ağlaya söydüyüm söyüşlər, ünvansız şikayətlər, rabitəsiz çıxışlar, səhəri günü dostlarımın məni sual yağışına tutması... Belə gecələrin səhəri günlər dostlar sorğu-suala tutur məni:

-O nə Zefir söhbətidi axı? Kim qaytarıb, niyə qaytarıb o Zefiri? Niyə zibilliyə atsınlar ki? Hə, bir də deyirdin ki, keşkə Xəlil gələ, deyə ki, get namaz qıl, sənə dəstəmazsız namaz qılmaq olar...

Bu suallar üstümə yağanda söhbəti dəyişməyin bircə yolu qalır: 

- Əşi, boş verin, baş qoşmayın mənə...

***

Arada yuxudan diksinib ayılıram. Bütün bədənim tər içində olur, titrəyirəm. Dostlarım deyir, əsəblərin gərgindir. Əsəblərim? Hə, ola bilər, ola bilər, gərgin olsun əsəblərim. Olur məndə belə şeylər, belə şeylər olur məndə...

teleqraf.com