Foto 22:01 06.08.2021

Zabit atanın şəhid oğlunun doğum günü qeyd edildi (VİDEO)

Zabit atanın şəhid oğlunun doğum günü qeyd edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ehtiyatda olan mayor Vaqif Məhəmməd oğlu Şəbiyev əslən Qərbi Azərbaycandandır. Onun valideynləri 1948-ci ildə doğma yurdlarından məcburi çıxarılaraq Azərbaycana köçürülüblər. Vaqif Saatlı rayonunda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Ukrayna Respublikasına gedərək Kiyev Ali Hərbi Aviasiya Məktəbinə daxil olub. Oranı müvəffəqiyyətlə başa vurduqdan sonra Rusiyanın müxtəlif şəhərlərində sovet ordusu sıralarında qırıcı təyyarələr mütəxəssisi kimi xidmətini davam etdirib.

1990-cı ildə Bakıda törədilən Qanlı Yanvar qırğınlarından xəbərdar olan gənc zabit böyük çətinliklərlə bir müddət sonra doğma Vətənə qayıdıb və könüllü olaraq Qarabağın müdafiəsinə yollanıb. Vaqif Şəbiyevin döyüş yolu Şuşa, Laçın, Tərtər, Ağdərə, Goranboy bölgələrindən keçib. Minaatan, o cümlədən tank əleyhinə batareyanın komandiri kimi qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirib, göstərilən etimadı Vətənə sədaqətli xidmətləri, şəxsi igidlik nümunələri ilə doğruldub.

1997-ci ildən başlayaraq Hərbi Hava Qüvvələrində  taborun  qərargah rəisi, tabor komandiri vəzifələrində xidmətini davam etdirib və 2016-cı ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.
V.Şəbiyev Birinci Qarabağ müharibəsində göstərdiyi şücaətə, xidmətdə qazandığı uğurlara görə 10 döyüş medalı ilə təltif olunub.

Veteran zabitin atasının adını daşıyan oğlu Məhəmməd də onun yolu ilə gedərək Vətənə xidmət yolunu seçib və zabitlik peşəsinə yiyələnib.

Sabunçu rayonu İkinci Zabrat qəsəbəsində şəhid leytenant Məhəmməd Şəbiyevin doğum günü münasibətilə xatirə bulağının açılışına həsr olunan tədbirdə bu barədə Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani ətraflı söhbət açıb.

Müdafiə Nazirliyi rəsmilərinin, Sabunçu rayon İcra Hakimiyyəti rəhbərliyinin, şəhidin ailə üzvlərinin, döyüşçü yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, eləcə də işğal altında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Polkovnik A.Qurbani Vətən müharibəsinin tarixi əhəmiyyətindən, bu müharibədə xalqımızın və ordumuzun birliyindən, həmrəyliyindən, təcavüzkar Ermənistanın məğlubiyyətə düçar edilməsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəsna  sərkərdəlik məharətindən, Azərbaycan Ordusunun Zəfər yürüşündən, əsgər və zabitlərimizin öz qanları, canları və əfsanəvi qəhrəmanlıqları ilə hərb tariximizə şanlı səhifələr yazdıqlarından, həmçinin müqəddəs bayrağımızın bu gün də etibarlı əllərdə, dəmir yumruğun isə yerində olduğundan iftixar hissi ilə danışıb.

Şəhid zabitin hər bir gənc üçün örnək olan qısa, lakin mənalı ömür və döyüş yolu haqqında ətraflı məlumat verilib. Nəzərə çatdırılıb ki, leytenant Məhəmməd Şəbiyev 1998-ci il avqustun 6-da Bakı şəhərində hərbçi ailəsində doğulub. Uşaqlıqdan ata nənəsi Mehriban ananın himayəsində böyüyüb. Məhz Mehriban ananın təkidi ilə yeniyetmə Məhəmməd Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olaraq 13-14 yaşlarından əsgər çəkməsi geyib. 2016-cı ildə xalqımızın haqlı olaraq "Heydər Əliyev Məktəbi” adlandırdığı bu hərbi tədris ocağını bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və 2020-ci ildə Quru Qoşunları fakültəsini bitirib.

Gənc leytenant cəbhə bölgəsindəki hərbi hissələrdən birində motoatıcı taqım komandiri kimi ilk gündən vəzifəsinin öhdəsindən layiqincə gəlib, komandanlığın rəğbətini qazanıb, göstərilən etimadı nümunəvi xidməti ilə doğrultmağa çalışıb.

Vətən müharibəsinin başladığı ilk gündən komandiri olduğu taqımın şəxsi heyəti ilə birlikdə Tərtər və Ağdərə rayonları istiqamətində hərbi əməliyyatlarda fəal iştirak edib, şəxsi mərdlik və igidlik nümunələri göstərib.

Oktyabrın 4-də taqım komandiri leytenant M.Şəbiyev döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda”, "Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bakı Dövlət Universitetinin professoru Tahir İbrahimov Şəbiyevlər ailəsinin qəsəbədə böyük hörmət sahibi olduqlarından və vətənpərvərliklərindən danışıb. Vaqif Şəbiyevin oğlunun ata yolunu seçməsinin və Vətən müharibəsində şəhadətə yüksəlməsinin heç də təsadüfi olmadığını qeyd edib. Əmin olduğunu bildirib ki, qəsəbə gəncləri bundan sonra da şəhid zabit Məhəmmədin və onun döyüşçü dostları Rəşadın, Əfqanın, Salehin və başqalarının davamçıları kimi Vətənin hər bir çağırışına hər an hazır olacaqlar.

Rayon ağsaqqalları adından çıxış edən Sərxan Gəncəliyev Müzəffər sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Ordusunun igid döyüşçülərinə minnətdarlığını bildirib. O, deyib: "Mən Allahıma şükür edirəm ki, Azərbaycanımın Zəfər gününü gördüm. Bu qələbə hər birimizin qələbəsidir. Hələ də Azadlıq Meydanında keçirilən möhtəşəm hərbi paradın qürurunu yaşayıram. Qardaş Türkiyənin və Azərbaycanın prezidentləri fəxri kürsüdə yanaşı dayanaraq parad iştirakçılarını salamlayırdılar. 1918-ci ildə olduğu kimi, Türkiyədən xilaskarlıq missiyası ilə gələn qəhrəman türk əsgəri Azərbaycanın qalib oğulları ilə bir yerdə daha böyük qələbələrə, uğurlara doğru inamla irəliləyirdi. Bu gün Türkiyənin bir çox bölgələrində yanğınlar davam edir. Elə buradan qardaş Türkiyənin yanında olduğumuzu bəyan edirəm”.

El ağsaqqalı Sərxan Gəncəliyev və atası ehtiyatda olan mayor Vaqif Şəbiyev şəhidlərin unudulmadığına, onların adlarının əbədiləşdirildiyinə, şəhidlərin şərəfinə xatirə parklarının, xatirə bulaqlarının inşa edildiyinə, şəhid ailələrinin daim diqqətdə saxlanıldığına görə dövlətimizin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.
Şəhid ailələrinə Müdafiə Nazirliyinin nəşri olan A.Qurbaninin "Vətən müharibəsi şəhidləri” kitabı təqdim olunub.

Şəhidin balaca qardaşları Murad və Malikin söylədikləri "Qardaşım şəhiddir mənim” və "Biz ölsək də, yaşasın Ana Vətən əbədi!” adlı şeirlər tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
"Qələbə marşı”nın sədaları altında "Şəhid Məhəmmədin Xatirə bulağı”nın üzərindən bəyaz örtük götürülüb, Şuşadan gətirilən bulaq suyu bu bulağın suyuna qarışdırılaraq tədbir iştirakçılarının ürəyinə sərinlik gətirib.

Şəhid bulağının qarşısına Müdafiə Nazirliyinin adından dağ çiçəklərindən hazırlanmış çələng qoyulub.

Şəhidin nənəsi Mehriban ana "Axar bulaqlarımız qurumasın!, Çinar ağaclarımız kəsilməsin!, Çapaçapda bədöy atlarımız büdrəməsin!, Allah Sərkərdəmizi və Ordumuzu qorusun!, Şəhidlərimizin ruhu şad, birliyimiz əbədi olsun!” deyərək Dədə Qorqudsayağı alqışlar edib və xatirə bulağının ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Sonra şəhidin doğum günü münasibətilə tort kəsilib, İkinci Şəhidlər xiyabanı ziyarət edilərək məzarı qarşısına çələng və gül dəstələri qoyulub.