Məlum olduğu kimi, Milli Məclisin (MM) komitələrinin dünənki birgə iclasında 2017-ci il büdcə layihəsi ilə bağlı çıxış edən deputat Zahid Oruc maliyyə bazarındakı vəziyyətə və manatın ucuzlaşmasına toxunarkən fevral devalvasiyasından sonra bir dəfə də olsun Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun ekranda görünməməsini tənqid edib.
Sitat: "Son bir ildə bu problemlər məngənəsində məmurlar xalqla birbaşa təmasdan qaçır. Bu, təxribatdır. Bir ildir məmurların ekranlara çıxışı məhdudlaşıb”.
Rüstəmov isə deputatın iradı ilə razılaşıb və bunu hansısa sənədin hazırlanması ilə izah edib.
Sitat: “Bütövlükdə makroiqtisadi sabitlik iqtisadi və sosial sabitliləşdirmə, yeni iqtisadi modelə keçməklə bağlı yeni sənəd üzərində işləyirik. Susmağımızın səbəbi budur. Bu sənəd razılaşdırılmayana qədər hələ ki, susmağa üstünlük veririk”.
Düzü inanmırıq ki, Zahid Orucdan fərqli olaraq, ictimaiyyət Elman Rüstəmovun danışmasında bir o qədər maraqlı olsun. Hətta əminik ki, çoxları baş bankirin haqqında danışdığı sənədin hazırlanmasının yubanmasını, beləcə, Mərkəzi Bank rəhbərinin susqunluğunun uzanmasını arzulayır.
Niyə də yox?
Məsələ burasındadır ki, sıravi vətəndaşlar Elman müəllimin son iki televiziya çıxışını və ondan sonra yaşananaları hələ də unutmayıblar.
Yadınızdadırsa, 2015-ci ilin 21 dekabr devalvasiyasından az əvvəl baş bankir manatın ucuzlaşacağı ilə bağlı iddiaları kəskin dillə yalanlamış və sadə adamlar xeyli rahatlamışdılar. Gəl gör ki, bu açıqlamanın üstündən cəmi bir neçə gün keçmiş manat kəskin şəkildə devalvasiyaya uğradı, əhali ciddi ziyana düşdü.
Analoji ssenari 2016-cı ilin 21 fevral devalvasiyasından sonra da təkrarlandı. Bu dəfə də baş bankir 3 gün öncə devalvasiya olmayacağını əminliklə söyləməsinə baxmayaraq, tam tərsi baş verdi, çilli valyutamız yenidən dollar qarşısında kəskin ucuzlaşdı.
İndi Zahid Oruc nə istəyir? İstəyir, Mərkəzi Bank rəhbəri televiziyaya çıxıb, üçüncü devalvasiyanın olmayacağını desin, hər gün bir azca ucuzlaşan manat birdən-birə kəskin devalvasiyaya uğrasın?!
Ona görə də, yaxşısı budur, Elman müəllim susqunluğunu davam etdirsin, artıq bir ilə yaxındır üzməyi heç cür öyrənə bilməyən manat da tamamilə boğulmamaq üçün çapalamağa, birtəhər “sağ qalmağa” davam eləsin.
İlkin Hüseynli
Qaynarinfo.Az