23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan çoxsaylı uğurlu layihələrin gənc rəhbəri "CinemaPlus” kinoteatrlar şəbəkəsinin Biznesin İnkişafı Departamentinin rəhbəri Zaur Darabzadə onu debata çağıran rəqiblərinə maraqlı təkliflə çıxış edib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, o, ABŞ təcrübəsindən çıxış edərək bütün namizədlərlə birgə debatın təşkil olunmasını təklif edib.
"Mən hər zaman debata, müzakirəyə və fikir mübadiləsinə açıq insanam. 23 saylı Nəsimi-Səbail seçki dairəsində qeydiyyata alınan bütün namizədlər bir araya toplanaraq cəmiyyətimizə nə verəcəkləri, hansı qanunverici təşəbbüslərlə çıxış edəcəkləri, nə ilə faydalı olacaqları haqda geniş müzakirəyə hazır olmalıdırlar”, - Z.Darabzadə bildirib.
Yalnız iki namizəd arasında debatın sadəcə populist bir şouya çevrilmək təhlükəsinin olduğunu qeyd edən Z.Darabzadə avantüralarla deyil, real işlərlə məşğul olduğunu vurğulayıb:
"Gündə yüzlərlə görüş keçirən şəxs kimi deyə bilərəm ki, insanlarımız üçün maraq kəsb edən məsələlər fərqlidir. Millət vəkili olmaq istəyən şəxslərin vətəndaşlar üçün nə etmək iqtidarında olmağı haqqında danışmaq daha məqsədəuyğundur. ABŞ-dakı seçki ənənəsinə uyğun şəkildə debat baş tutsa iki namizəd danışıb digərlərinin seyr etmək imkanı olmayacaq, bərabərhüquqlu, açıq, şəffaf və hesabatlı bir müzakirə/debat həyata keçiriləcək. Belə bir debata mən hər zaman hazıram!”