Xəbər lenti

Zaur Qurbanlının səhhəti ağırlaşdı
Ölkə08:52 06.06.2013

Zaur Qurbanlının səhhəti ağırlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı İstintaq Təcridxanasında saxlanılan “NİDA”çı Zaur Qurbanlının vəziyyəti ağırlaşıb. 

Bu barədə məlumatı jurnalist Şahvələd Çobanoğlu verib. Onun sözlərinə görə, ağır dərəcəli talassemiya, bronxial astma və böyrək xəstəliklərindən əziyyət çəkən gənc fəalın səhhətində ciddi problemlər yaranıb: “Bu səhər Zaurun anası Səkinə Qurbanova ilə danışdım. Səkinə xanım dedi ki, dünən Zaurla telefonla danışıb. Oğlunun səsindən onun halsız olduğunu hiss edib. Hətta Zaur ona verilən danışıq müddətindən sona qədər istifadə edə bilməyib. Deyib ki, özünü pis hiss etdiyindən bütün günü yataqdan qalxmır”. 

Həkimlər sağalmaz qan xəstəliyi olan talassemiya daşıyıcısının qapalı şəraitdə saxlanmasının onun həyatı üçün təhlükəli olduğunu deyirlər. Hematologiya və Transfuziologiya İnstitutunun həkimi Gülbəniz Quliyeva belə xəstələrin xüsusi qayğıya və daha çox oksigen qəbul etməyə ehtiyacları olduğunu vurğulayır. 

Zaur Qurbanlı çoxadamlı kamerada saxlanılır. Hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar onun həbsinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş etsələr də, heç bir nəticəsi yoxdur. Hətta Ombudsman Aparatının tələbi ilə o, təkrar müayinədən keçirilib və qanında talassemiya aşkarlanıb. 

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə Zaur Qurbanlının mütəmadi olaraq həkim nəzarətində olduğunu deyir: “Mən təcridxananın rəhbərliyi ilə əlaqə saxladım. Dünən rəis özü Zauru qəbul edib, vəziyyəti ilə maraqlanıb. Düzdür, onda irsi qan xəstəliyi var, ancaq səhhəti normaldır, yaxınları ilə tez-tez əlaqə saxlayır, görüşür”.