Xəbər lenti

Zelenski niyə ümidsizliyə qapılıb? (ŞƏRH)
Dünya 20:43 30.01.2024

Zelenski niyə ümidsizliyə qapılıb? (ŞƏRH)

Ukrayna ətrafında müəmma hələ də tam aradan qalxmayıb. Belə ki, Kiyev uzun müddətdir ki, Qərbdən istədiyi dəstəyi ala bilmir. ABŞ Konqresinin Ukraynaya dəstəyi gecikdirmək, Avropa İttifaqının Macarıstan kimi dövlətlərinin prosesə mane olmaq cəhdləri son zamanlar Ukrayna xalqı və hökumətində müəyyən gərginlik və həyəcan yaradıb. Bunun nəticəsidir ki, Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində Qərbi təcili şəkildə yardımları davam etdirməyə səsləyib.

"Avropa təkbaşına nə silah, nə də maddi cəhətdən Ukraynanın əvvəllər aldığı dəstəyin öhdəsindən gələ bilər. ABŞ yardımının gecikdirilməsi artıq bəzi Aİ liderlərinə də təsir edir. Əgər son nəticədə yardım göstərilməsə və Rusiya Ukraynada irəliləsə, Avropa və NATO-da parçalanma baş verə bilər. Çox çətin bir vəziyyətdəyik. Ukraynanın dağılmasının, millətimizin məhv olmasının, qlobal miqrasiyanın və üçüncü dünya müharibəsinin qarşısını almaq üçün həm geosiyasi, həm də maliyyə baxımından Rusiyanı dayandırmaq hələ də mümkündür”, deyə Zelenski bildirib.

Adətən görürük ki, kritik anlarda Zelenski belə çıxışlar etməklə Qərbi Kiyevə dəstək məsələsində tələsdirməyə çalışır. Bu da başa düşüləndir. Birmənalı şəkildə aydındır ki, Qərbin dəstəyinin dayandırılması, hətta azaldılması Rusiyanın xeyrinə işləyəcək addımdır. Çünki bunun baş verəcəyi təqdirdə, Kiyevin Rusiya qarşısında tam gətirəcəyi mümkünsüzdür. Ukrayna ordusunun bu günə qədər Rusiya hücumlarının qarşısını almasında məhz Qərbin ona göstərdiyi dəstək və yardımlar mühüm rol oynayıb. Zelenski də məhz buna görə Qərbi tələsdirir. Bu açıqlama ilə Ukrayna prezidenti Qərbdə artıq savaşdan yorulmuş siyasiləri də oyatmağa çalışır ki, yardım davam etməsə, Avropanın, Aİ və NATO kimi qurumların da vəziyyəti yaxşı olmayacaq. Yəni, Zelenskinin çıxışı sırf təbliğat xarakterli bir çıxışdır. Bu çıxışla o, böyük ehtimalla həm də Qərbdən daha böyük yardımlar almağı düşünür. 

Qeyd edək ki, keçən ilin sonlarına doğru ABŞ və Aİ-də Ukraynaya dəstəklə bağlı yaşanan gərginliklər artıq demək olar həll olunmaq üzrədir. Bayden adminstrasiyası ilə Konqresin respublikaçı çoxluğu arasında artıq razılıq əldə olunub. Aİ-də isə Budapeştin mövqeyinin də müəyyən qədər yumşaldığı hiss olunur. Bu əsasda yaxın dövrdə Ukraynaya növbəti daha güclü yardım paketinin göndəriləcəyi ehtimalı da artıb. Yəni cərəyan edən proseslər onu deməyə əsas verir ki, bir müddət əvvələ qədər Qərbin artıq Ukraynanı öz taleyinə buraxdığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. 

Qərb həmişə olduğu kimi Kiyevin arxasındadır və sona qədər ona dəstək verəcək. Bunu Zelenski də bilməmiş deyil. Belə olan halda yenidən həyəcan təbili çalmasının arxasında daxildə öz nüfuzunu daha da qaldırmaq mesajının gizləndiyini görmək olar. Belə ki, artıq Qərbdə Ukrayna ilə bağlı fikir ayrılıqlarının aradan qalxmağa doğru getdiyi sezilir. Zelenski də bunu gözəl anlayır. Ona görə də indi həyəcan təbili çalıb, sonradan yeni, daha sanballı yardımları almaqla, prosesin baş tutmasında məhz onun çağırışlarının mühüm rol oynadığı obrazını formalaşdırmağa çalışır. O, Ukrayna cəmiyyətində həm özünün nüfuzunun artması qayğısına qalır, həm də hakimiyyət daxilindəki ziddiyyətləri, müəyyən müddət yaşanan ümidsizliyi aradan qaldırmağı düşünür. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->