Azərbaycan Aşıqlar Birliyində (AAB) sədrlik postu hələ də boşdur. Yanvarın 9-da Zəlimxan Yaqubun vəfatından sonra qurumun yeni rəhbərinin kim olacağı hər kəsdə maraq doğurur. Hazırda AAB-ın qurultayı ilə bağlı hazırlıqların getdiyi müşahidə olunmur. Bunu vəfat edən Z.Yaqubun ölümünün 40 gününün hələ tamam olmaması ilə əlaqələndirirlər.
Aşıqlar Birliyinin qurultayının zamanı məlum olmasa da, sədrliyə iddiaçı olacaq şəxslərin adları məlum olmağa başlayıb. Bunlar qurumun idarə heyətinin üzvü Elxan Məmmədli, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, folklorşünas Məhərrəm Qasımlı, professor Qəzənfər Paşayevdir. Z.Yaqubun qırx mərasimindən sonra bu şəxslərin sədrliyə namizəd olacaqları deyilir.
AAB-dakı müəmmalı durumla bağlı daha bir xəbər var. Belə ki, sədrliyə iddiaçı olacaqları deyilən şəxslərdən M.Qasımlı və Q.Paşayevin namizəd olmayacaqları bildirilir. Bunu onların yaşları ilə əlaqələndirirlər. Əsasən, sədrlik uğrunda mübarizənin Ə.Qoşalı və E.Məmmədli arasında gedəcəyi vurğulanır. E.Məmmədlinin də yaşının az olmadığını düşünsək, Ə.Qoşalının daha şanslı olduğunu deməyə əsas var. Aşıqlar Birliyinin üzvlərinin də rəhbərlikdə gənc kadrı görmək istədikləri yayılan xəbərlər sırasındadır.
Yayılan iddialarla bağlı qurumun mövqeyini öyrəndik. Birliyin katibi Musa Nəbioğlu mərhum Zəlimxan Yaqubun qırxından sonra bütün suallara aydınlıq gələcəyini bildirdi: “Qırx mərasiminə az qalıb. Ondan sonra sual doğuran məsələlərin cavabı məlum olacaq. Kimin sədr olacağını qurultay müəyyən edəcək. Düşünürəm ki, rəhmətə gedən sədrin qırx mərasimi keçirilməmiş, sədrlik məsələsini ortaya atmaq düzgün olmazdı. Kimin namizəd olacağı məlum deyil”.
Qeyd edək ki, Aşıqlar Birliyinin rəsmi saytında mərhum Zəlimxan Yaqub qurumun hələ də sədri kimi qeyd olunur. (musavat.com)
Qaynar.info