Fövqəladə Hallar Nazirliyi Azərbaycandan İran İslam respublikasının Məşhəd şəhərinə gedərkən aşan zəvvar avtobusu ilə bağlı məlumat yayıb.
Qaynar.info-nun Nazirliyə istinadla verdiyi məlumata görə, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə olan 33 nəfər sərnişinin 3 nəfəri (kişi) aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar.
Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.
Əməliyyat saat 07:30-da başa çatıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata əsasən ilkin ehtimala görə, hadisənin baş verməsinə səbəb kimi sürücünün sükan arxasında yuxulaması göstərilir.
*****
Ələt – Astara magistral yolunun Biləsuvar rayonu, Mahmudçalı adlanan ərazidə ağır yol nəqliyyat hadisəsi baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu, Azərbaycandan İran İslam respublikasının Məşhəd şəhərində gedən zəvvar avtobusu olub. Qəza nəticəsində xeyli zəvvarın yaralandığı bildirilir. Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasıma çatdırılıblar. İlkin ehtimala görə, qəzaya sürücünün yatması səbəb olub.