
"Ağlı başında olan komandan belə açıqlama verməz".
Bu sözləri Qaynar.info-ya açıqlamasında hərbi ekspert Üzeyr Cəfərov Rusiyanın Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102 saylı hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin Azərbaycanı hədələməsinə münasibət bildirərəkən deyib.
Üzeyr Cəfərov bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi dərhal Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi qarşısında məsələ qaldırmalıdır: "Azərbaycan bu məsələdə öz qətiyyətini göstərməlidir. Çünki indiyə kimi Azərbaycan Ermənistanın bir qarış da olsun torpağına iddia etməyib. Azərbaycanın yeganə istəyi öz torpaqlarının işğaldan azad olunmasıdır. Bu məsələdə bütün beynəlxaq qrumlar, o cümlədən ATƏT-nin Minsk Qrupunun müşahidəçisi olan Rusiya da bu məsələdə öz səyini göstərməlidir. Amma biz bunun əksini görürük".
Üzeyr Cəfərovun sözlərinə görə, bu açıqlama vəzifə səlahiyyətlərini aşmaq və özbaşınalıqdır:" Hesab edirəm ki, bu bəyanata görə o, lazımı cəzasını alacaq. Çünki Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Bu bəyanatlar isə Azərbaycan tərəfinin əsəblərinə toxunmaq deməkdir. Biz beynəlxaq qrumların qanunvericiliyinə əsasən istədiyimiz vaxt öz torpaqlarımızı işğaldan azad etmək hüququna malikik".
Xatırladaq ki, Rusiyanın Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102 saylı hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinski Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Krasnaya zvezda” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyata başlayarsa, Rusiyanın Ermənistandakı hərbi bazası bu münaqişəyə cəlb oluna bilər.
Anar
Qaynar.info