
Ölkəmizə gələn turistlər Azərbaycanın gözəl və tarixi guşələri ilə yanaşı, təbiəti ilə maraqlanırlar.
Əcnəbi vətəndaşlar Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına da maraq göstərdiyindən turizm şirkətləri xarici qonaqları bu ərazilərə ekskursiyaya aparırlar. Lakin bu tip önəmli ərazilərdə nədənsə təmizlik işləri ya heç aparılmır, ya da vaxtlı-vaxtında görülmür.
Onu da qeyd edək ki, prezident İlham Əliyevin 15 avqust 2007-ci il tarixli sərəncamına əsasən "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir. Buna baxmayaraq, dövlət təbiət qoruğunda zibil qutuları olmadığından tullantılar ərazini bürüyüb. Bu barədə Qaynarinfo.Az-a ekotur bələdçisi Cavid Qara məlumat verib. Ərazinin mövcud şəraitini görən Cavid Qara bir neçə gənclə təbiət qoruğunda təmizlik işləri aparıb və bununla bildirib ki, milli sərvətimiz olan təbiət qoruğuna həm vətəndaşlarımız tərəfindən, həm də dövlət tərəfindən diqqət olunmalıdır.
Məsələ ilə bağlı adı çəkilən qoruğun direktoru Ceyhun Paşayevlə əlaqə saxladıq. Qoruğun direktoru Qaynarinfo.Az-a bildirdi ki, qoruğa aid ərazilərdə mütəmadi olaraq təmizlik işləri aparılır:
"Bu gün isti hava şəraitinə baxmayaraq, biz ərazidə təmizlik işləri görmüşük. Qoruğa 43 palçıq vulkanı aiddir, yerdə qalan 300 vulkan isə qoruğa aid deyil, bir çoxu isə yaşayış ərazilərinə yaxın yerləşir. Biz qoruğa aid olan əraziləri küləyin gətirdiyi tullantılardan hər həftə təmizləyirik. Bu ərazilərdə zibil tullantıların atılması ilə bağlı xəbərdarlıq nişanları da var. Ancaq zibil qutuları qoymaq bizim səlahiyyətimizdə deyil. Yalnız “Milli Park” statusu verildikdə və qoruq parkın ərazisinə aid edildikdə zibil qutuları qoyula bilər. Həmçinin, biz ayda 2 dəfə bizə aid olmayan palçıq vulkanı ərazilərində də təmizlik işləri aparırıq. Misal üçün, Daşgil vulkanı SOCAR-ın ərazisinə düşür. Qobu-Bozdağ, Hökməli-Bozdağ, Vigil-Piri, Atyalı, Bahar, Hamamdağ və digər vulkanlar yol kənarında və yaşayış ərazilərinə yaxın yerlərdə yerləşir və qoruğa aid deyil. Bu səbəbdən, bu vulkanlar tullantılara məruz qalır. Biz ,hətta, qoruğa aid olmayan ərazilərə də tullantılarla bağlı qadağa lövhələrindən istifadə edirik. Çalışırıq ki, mümkün qədər təbii sərvətimiz tullantılara məruz qalmasın".
Ceyhun Paşayev bildirib ki, nazirilik tərəfindən 14 palçıq vulkanının qoruq ərazisinə aid edilməsi ilə bağlı topoqrafik xəritə hazırlanıb:"Antropogen təsirlərdən, vulkanik lantşaftın toxunulmaz saxlamaqdan ötrü biz 14 palçıq vulkanı ilə bağlı Nazirlər Kabinetinə müraciət ediləcək".



