Amal Abuşov
İdman 11:28 07.07.2022

Zirvəyə can atan “Kəpəz”... Ora çatmaq mümkün olacaqmı?

Mənim tələbəlik illərim "Kəpəz”in ən yaxşı vaxtlarına təsadüf edib. Mehman Allahverdiyevin çalışdırdığı Gəncə təmsilçisi Azərbaycan çempionatında rəqib tanımır, rəqiblərini səfərdə, yaxud da evdə məğlub etməyə çətinlik çəkmirdi. "Kəpəz”in "Neftçi”ni Bakıda 0:3 hesabıyla məğlub etdiyi bir oyun var ki, xatirəmdən heç cür silinmir. İndi də qırmızı "İkarus” avtobusla Respublika stadionuna gələn, oranı da başıyuxarı tərk edək komanda gözümün önündədi...

Gəncənin Azərbaycan futbolundakı yeri təkcə "Kəpəz”in uğurları ilə ölçülmür. Bu şəhər bizim futbolumuzun olmazsa olmazıdı. Bir vaxtlar Azərbaycan millisinin əksər üzvləri gəncəlilər idi, ölkə çempionatında uğur qazanmaq istəyən komanda öz heyətinə gəncəli futbolçuları qatmaqla bu çətin işin öhdəsindən gələ bilərdi. Həmin zamanların "Ağasəlim Mircavadov harda, çempionluq da orda” deyimi elə gəncəli futbolçulara da aid idi. Mahmud Qurbanovsuz hansı komanda Azərbaycan çempionu ola bilərdi ki?!

Bəli, ötən illər "Kəpəz”dən də, Gəncə futbolundan da çox şeylər aparıb. Maddi çətinliklər, AFFA-nın apardığı bədnam siyasət sayəsində iş adamlarının futboldan qaçaq salınmasından ən çox əziyyət çəkənlərdən biri də "Kəpəz”di. Daim zirvələrə, çempionluqlara oynayan, Azərbaycan futbolu üçün fabrik rolunu oynayan Gəncə futbolunda xeyli vaxtdı ki, durğunluqdu. Şəhər stadionunun dağılmış, qəzalı vəziyyətdə olan tribunaları da "Kəpəz”in miskin durumunun göstəricisidi. Nazirlər dəyişib, AFFA rəhbərliyinin Gəncəyə səfərinin sayını-hesabını itirmişik, neçə-neçə sözlər verilib. Di gəl ki, nə Gəncə şəhər stadionunun bərbad durumu aradan qaldırılıb, orda təmir başlanılıb, nə də "Kəpəz”in dirçəlməsi üçün ciddi işlər görülüb.

Ötən mövsüm "Kəpəz” birinci divizionda gününü keçirdi, aşağı liqanın ortababı olmaqdan qurtula bilmədi. 24 oyuna 36 xal toplayan "Kəpəz” mövsümü 7-ci sırada bitirdi. Gəncəli azarkeşlərin böyük qismi günahı komandanın baş məşqçisi Yaşar Vahabzadədə gördü. Zaman-zaman onu hədəfə çevirib, tənqid etdilər. Amma bizim futbolun incəliklərini, Gəncədə çalışmağın qəlizliyini bilənlər "Kəpəz”dəki böhranın təkcə bir nəfərin günahı olmadığını yaxşı başa düşürdü.

AFFA geri çəkildi, illərdi səslənən tənqidlərdən nəticə çıxarmış kimi davranaraq "Kəpəz”lə "Turan Tovuz” Premyer Liqaya buraxıldı. Bəli, məhz buraxıldı. Nə Tovuz, nə də Gəncə təmsilçisi elitaya vəsiqə verən yeri tutmamışdılar. Heç onların ötənilki səviyyəsi və büdcəsi də buna imkan vermirdi. İndi hər iki komandanın qarşısında "yaşıl işıq” yandırılıb. Amma konkretlik yoxdu. "Kəpəz”in nə büdcəsi bilinir, nə hədəfləri. Gəncə şəhər icra hakimiyyəti gözləyir ki, AFFA-nın FİF-i ianə kampaniyası keçirsin, onlar da nümayişkaranə şəkildə komandaya beş-altı manat yardım etsinlər.

Bu münasibətlə, belə qeyri-müəyyənliklə, hazırkı transferlərin səviyyəsi ilə "Kəpəz” bir vaxtlar qərarlaşdığı zirvəyə qayıda biləcəkmi? Şəxsən mən "çətin” deyirəm. Siz necə düşünürsüz?

Amal Abuşov