Metronun “28 May” stansiyası qarşısında yeraltı keçiddəki ticarət mərkəzində köşkləri əllərindən alınan bir qrup sahibkar Nəqliyyat Nazirliyindən Avropa Məhkəməsinə şikayət edəcək. İnsаn Hüquqlаrı üzrə Mааrifləndirmə İctimаi Birliyindən Qaynar.info-ya daxil olan məlumata görə, sahibkarlar nazirliyin balansında olan yeraltı ticarət mərkəzi təmirdən çıxandan sonra 10-a yaxın mağazanı icarəyə götürərək işlədib. Amma sonradan mağazalar əllərindən alınıb. Sahibkarların iddiasına görə, “ZQAN” holdinqin icarəsində olan mağazalar bazar qiymətlərinə başqa adamlara satılıb.
Bir müddət əvvəl isə bu məslə ilə bağlı sahibkarlar Nəqliyyat Nazirliyi qarşısında oturaq aksiya keçiriblər. Daha sonra onlar problemləri ilə bağlı Nəsimi rayon məhkəməsinə müraciət ediblər. Hakim Elmar Kərimovun sədrliyi ilə baxılan məhkəmə prosesində sahibkarların iddiasi rədd edilib. Digər instansiyalar da həmin qətnaməni qüvvədə saxlayıb. Hal-hazırda isə iş Avropa Məhkəməsinə hazırlanır.
Dövlət əmlakının istifadə və icarəyə verilməsi səlahiyyətini müstəsna olaraq Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) həvalə edildiyindən sahibkarlar həmin quruma da müraciət edib.
ƏMDK-dən isə bildirilib ki, həmin keçiddə yerləşən sahələrin icarəyə verilməsi və özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsində heç bir fiziki və ya hüquqi şəxslə bağlanılmış qeydə rast gəlinməyib. Əlavə olaraq bildirilib ki, müraciətdə qaldırılan məsələyə Nəqliyyat Nazirliyi tərəfindən münasibət bildirildikdən sonra komitədə məsələnin həlli istiqamətində mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görüləcək.
Məlumatlarda o da bildirilir ki, müqavilə surətlərinə və həmçinin digər sübutlara əsasən həmin yeraltı keçiddəki obyektlərdə işləyən mağaza sahiblərindən dövlət əmlakından istifadə qarşılığında icarə haqqı olaraq aylıq 800 manat ödəniş toplanılır. Bu isə aya təxminən 80 min ilə isə 960 min manat təşkil edir. Bu icarə haqları dövlət büdcəsinə ödənilməli olduğu halda ödənişlər qanuni olması olduqca mübahisəli vasitə və üsullarla sahibkarlardan hər ayın əvvəlində toplanılır. Toplanan məbləğin hara getdiyi isə bəlli deyil.