Xəbər lenti

Ziya Məmmədovun adamları 2 həftədir gəlib pulu götürmürlər - Əliçubuqlular
Ölkə07:53 23.04.2014

Ziya Məmmədovun adamları 2 həftədir gəlib pulu götürmürlər - Əliçubuqlular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son müşavirəsində şəhərin nəqliyyat sistemi ilə bağlı səsləndirdiyi fikirlər günlərdir ki, müzakirə mövzusudur. 

Dövlət başçısının şəhərin küçələrində nizam-intizamsız, heç bir qayda-qanunlara əməl olunmadan parkinqlərin həyata keçirilməsini sərt tənqid etməsi bu sahəni diqqətə gətirib. Xatırlatma üçün deyək ki, prezident şəhərin küçələrində əli çubuqlu insanların parkinqlə məşğul olmasına gülünc hal kimi qiymətləndirərək belə demişdi: “Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər”.

Elə həmin ərəfədə şəhərdə nəqliyyatın hərəkətinin tənzimlənməsi və digər bu sahəyə aid olan məsələlər Nəqliyyat Nazirliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verildi.Bakı meri Hacıbala Abutalıbov isə dərhal  “Bakıda avtodayanacaqların təşkili haqqında” sərəncam imzalayaraq  Bakı şəhərinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi qaydalarını açıqladı. Həmin sərəncama əsasən paytaxtın küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar (sərnişin daşıyan nəqliyyat vasitələrinin təyin olunmuş duracaqları istisna olmaqla) ləğv edilir.

“Qafqazinfo” nun  əməkdaşı dövlət başçısının məlum çıxışından və Bakı merinin sözügedən sərəncamından sonra paytaxt küçələrində kiçik bir müşahidə aparıb. Prezidentin də işarə etdiyi həmin əli çubuqlu bir parketmə ilə məşğul olan bir neçə nəfərlə qısa söhbət hazırkı mənzərəni ortaya çıxarıb.

Əvvəlcə onu bildirək ki, artıq şəhərin əksər mərkəzi küçə və prospektlərində əvvəlki qarışıqlıq, necə və harda gəldi parketmədən demək olar ki əsər-əlamət qalmayıb. Bu işə yol polisləri də cəlb olunub. Onlar həmin küçələrdə avtomobillərin dayanmasına belə icazə vermirlər.  İndiyədək həmin yerlərdə dayanan avtomobillər isə şəhərin əsasən “Qış bulvarı” kimi tanınan və Azadlıq Meydanının altında inşa olunan iki böyük yeraltı dayanacaqlarda park olunur. Eyni zamanda avtomobillərin bir hissəsi şəhərdə fəaliyyət göstərən bir neçə ticarət obyektlərinin altında da parkinq həyata keçirir. Yəni artıq şəhərin mərkəzi küçələrində həmin əli çubuqlu insanlara rast gəlmək mümkün deyil.

Lakin şəhərin bir qədər kənarında parkların və böyük marketlərin eyni zamanda dövlət qurumlarının qarşısındakı həmin əliçubuqlular yenə də qalmaqdadırlar. Lakin bu dəfə əliçubuqsuz vəziyyətdə. Elə “Qafqazinfo”nun əməkdaşı da həmin adamlardan ikisiylə söhbət edib.

Söhbət zamanı onlar bildiriblər ki, prezidentin çıxışından sonra əldə çubuq tutmurlar: “Amma biz yenə əvvəlki işimizlə əliçubuqsuz vəziyyətdə məşğuluq. Hər həftənin şənbə günü Nəqliyyat Nazirliyinin əməkdaşları gəlib bizdən 20 manat pul alırdılar.  Bu işlərə Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın qohumları olan cavan uşaqlar nəzarət edirdilər.  Onlar əllərindəki dəftərlə bütün şəhərdəki “toçkaları” gəzir, pulları aldıqca həmin adamların adının qarşısına işarə qoyurdular. Hətta 20 manatdan 100 manata kimi verən var idi. Amma o pullar kimə gedirdi, biz bilmirdik. Bizdən pul yığan uşaqların hərəsi 10000 manata qədər qazanırdılar.

Ancaq  iki həftədir ki, gəlmirlər. Yenə də pulu saxlayırıq ki, birdən gəlib istəyərlər. Dünən də polisdən soruşdum ki, bəlkə pulu sizə verək? Onlar da dedilər ki, bizi tutdurmaq istəyirsən? Hələlik özüm üçün işləyirəm. İşlədiyim marketin rəsmisi dedi ki, sizi rəsmi işə götürəcəyik. Bu obyektlərin qarşısında dayanan avtomobillərin parkinqinə nəzarət edəcəksiniz”.

İkinci həmsöhbətimiz  də hazırda əliçubuqsuz fəaliyyət göstərdiyini bildirir: “Çubuq getdi. İndi əlimizlə maşınları idarə edirik. Bizdən heç kim pul almır. Hətta məcbur versək də götürmürlər. Deyirlər ki, bu sahədə yeni qaydalar tətbiq olunacaq. Biz çox istəyirik ki, işə rəsmən qəbul olaq. Və qazandığmızdan da dövlətin vergisini ödəyək”.

Qaynar.info