
Dəfələrlə Bakı və ətraf rayonlarda Nəqliyyat Departamentinin əməkdaşlarının özbaşınalığı barədə yazılıb.
Bu gün Tağıyev Elxan İnqilab oğlu Qaynar.info-ya müraciət edərək bildirib ki, Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən haqsızlığa məruz qalıb: "Mən Sumqayıtda yaşasam da, iş yerim Bakıdadır. Noyabrın 16-da səhər öz şəxsi avtomobilimdə Sumqayıtdan Bakıya işə getdiyim zaman Saray qəsəbəsində yolun kənarında dayanıb marşrut gözləyən bir kişi və bir qadını götürdüm. Çünki yağış yağırdı, onlar da islanmışdı. Həmin adamları Bakıda "20 Yanvar" metrosu yaxınlığında düşürdüm. Bu zaman maşına bir nəfər naməlum şəxs soxuldu və heç bir sənəd təqdim etmədən özünü Nəqliyyat Departamentinin işçisi kimi təqdim edərək məndən maşının sənədlərini tələb etdi. Mən ona sənədləri verməkdən imtina edəndə maşının açarını götürdü. Mən onlardan bunun səbəbini soruşanda mənə dedilər ki, Xudatdan gələn avtomobilləri yoxlayırıq. Əgər sən oradan gəlmirsənsə və orda qeydiyyatda deyilsənsə, səni buraxacağıq".
Şikayətçi bildirdi ki, həmin şəxs sənədləri alıb dərhal maşından uzaqlaşıb: "Sənədləri göstərəndə sürücülük vəsiqəmi və "texpasport"u alıb açarları qaytarıb. Mülki geyimdə olan bir nəfər mənə bildiriş kağızı verib dedi ki, 110 manat cərimə ödəyərsən. Bununla bağlı 102-yə zəng elədim. Oradan da mənə kömək etmədilər. Dedilər ki, Prokurorluğa yazılı müraciət edim. Amma heç bir nəticəsi olmadı".
Şikayətçi onu da qeyd etdi ki, onun istifadə etdiyi avtomobilin nə rəngi, nə də markası Bakı taksisinə uyğun deyil və heç vaxt taksi şahmatından istifadə etməyib: "Taksinin rəngi, ağ, yaxud bənövşəyi olmalıdır. Məndə isə qızılı rəngindədir. Hansı əsasnan məni məcbur edirlər ki, rüsumu ödə, taksi sürücüsü ol".
Vətəndaş bildirdi ki, bununla bağlı Azərbaycan Respublikası Prezidentinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət edəcək.
Qaynar.info