(Yazı "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)
I. Hər kəsin fikir və söz azadlığı vardır.
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
III. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.
Bu yuxarıda qeyd etdiyimiz Azərbaycan Respublikası Konstitusiyasının 47–ci maddəsində təsbit olunub.
İnformasiya cəmiyyətlərinin fundamental prinsipi fikri ifadə azadlığının, söz və media azadlığının təmin olunmasına şərait yaratmaqdır.
İfadə azadlığı hələ ilk dəfə XVI əsrdə Reformasiya dönəmində ortaya çıxıb. Hələ o dövrdə hakim dairələrdən fərqli düşünən və müxalif fikirlərini ifadə etmək haqqı qazananlar protestant hərəkata mənsub şəxslər idi. Bu baxımdan ifadə azadlığı anlayışının müasir hüquqi aspektlərinin formalaşmasını protestant hərəkatla əlaqələndirirlər. 1689-cu ildə İngiltərə parlamentinin qəbul etdiyi "Hüquqlar haqqında bill” ilə fikir və söz azadlığına ilk dəfə hüquqi qiymət verilib.
Həm də fikir və söz azadlığı demokratiyanın əsas göstəricilərindən bir sayılır.
İnsanların öz düşüncələrini azad şəkildə, şəxsi iradələrinə söykənərək ifadə etmələri onların həm də hüquqi yolla təsbit edilmiş haqları hesab olunur.
Bu prinsip təmin olunmadan demokratiya və plüralizm, azad cəmiyyətin tərəqqisi də mümkünsüzdür. Bunun üçün ilk növbədə bu sahəni tənzimləyən qanunların qəbul olunması və dövlət tərəfindən səmərəli həyata keçirilməsi zəruridir”.
Bu gün fikri ifadə azadlığı kontekstində ölkəmizdə beynəlxalq təcrübəyə əsaslanan yeni tendensiyalar da ortaya qoyulur.
Azərbaycanda bu sahədə ilkin təminat Konstitusiyamıza əsaslanır.
Söz azadlığı bizim cəmiyyətdə ictimai fikri, dövlətə inamı formalaşdırır və koordinasiya edir.
Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Fikir və söz azadlığının əsas təmsilçisi olan mətbuatın sərbəst fəaliyyətinin təmin olunması bu gün də Azərbaycanda prioritet məsələlərdəndir. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Azərbaycan milli mətbuatı 1918-ci ildə xüsusi bir inkişaf mərhələsinə qədər qoyub. Həmin dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoyub.
Bu gün Azərbaycan Respublikasında yüzlərlə qəzet və jurnal, onlarla radio və televiziya şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar var.
Prezident İlham Əliyev 2008-ci il 31 iyulda "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın hazırlanması ilə bağlı sərəncam verdi. Həmin tarixdən başlayaraq xalq və dövlət ilə KİV arasındakı əlaqələrin tənzimlənməsi, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın rolunun gücləndirilməsi və müvafiq istiqamətin nümayəndələrinin tam sərbəst fəaliyyətlərinin təmin olunması üçün qəbul edilən bütün qərarlar, qanunlar və sənədlər, təsis olunan qurumlar məhz adıçəkilən Konsepsiyanın prinsipləri əsasında formalaşdı.
Lakin media ilə bağlı işlər bununla da bitmədi.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə 30 dekabr 2021-ci ildə Media haqqında Qanun imzaladı və bu qanunla media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları müəyyən edildi, informasiya azadlığı üzrə çox mühüm addımlar atıldı.
Bundan başqa, söz, informasiya və fikir azadlığının təmin olunması üzrə milli normativ hüquqi baza, o cümlədən "Məlumat azadlığı haqqında”, "Fərdi məlumatlar haqqında”, "İnformasiya əldə etmək haqqında”, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlar, media sahəsini tənzimləyən digər normativ hüquqi aktlar qəbul edilib, habelə bu istiqamətdə bir sıra beynəlxalq müqavilələr ratifikasiya olunub.
Qeyd edək ki, dövlət tərəfindən ilk növbədə bu sahədə fikir azadlığı, hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq qanunun tələbidir. Eyni zamanda, informasiya istifadəçilərini, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq, medianın inkişafını təşviq etmək, media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq dövlətin qanunla müəyyən olunan əsas vəzifələrindən hesab edilir.
Prezident İlham Əliyev bu sahədə işləri dərinləşdirmək üçün növbəti fərmanını imzalayıb. Bu fərmanla "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.
Eyni zamanda vurğulamaq lazımdır ki, dördüncü hakimiyyət hesab olunan media dünyada səmərəli idarəetmənin və informasiya açıqlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə medianın azad fəaliyyəti və inkişafı üçün görülən zəruri tədbirlər bu sahədə müstəqillik və sərbəstlik imkanları diktə edir. Dövlətçilik və milli maraqlar, həm də qlobal trendlər üçün geniş imkanlar yaradır.
Medianın gücü təkcə ölkə sərhədləri ilə müəyyənləşmir. Hələ 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan mediası da söz savaşına çıxaraq həqiqətləri bütün dünyaya çatdırdı. İnformasiya savaşında qələbə həm də medianın böyük gücünü ortaya qoyurdu.
Lakin bu savaş təkcə 44 günlə bitmədi. Azərbaycan mediası hələ də istər televiziyalar, istər radio, çap, onlayn media, istərsə də sosial mediada düşmənlə mübarizə aparır, Azərbaycan həqiqətlərini dünyaya çatdırır.
Unutmayaq ki:
Zülmün topu var, gülləsi var, qəlpəsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Azərbaycan mediası da bu həqiqətləri dünyaya çatdırmaqla haqqın qolunu bükülməyə qoymayacaq.
Günay İlqarqızı