
Talassemiya daşıyıcısı olan 40 cütlükdə talassemiya mutasiyaları aşkar olunub
2016-cı ildə respublikanın elmi müəssisələrində 140-a yaxın elmi problemin 457 mövzusu üzrə 1450-dən çox elmi-tədqiqat işləri aparılıb.
Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında qeyd olunub ki, Yer elmləri sahəsində kompleks geoloji-geofiziki və izotop-geokimyəvi məlumatlar əsasında Cənubi Xəzər çökəkliyində neft və qaz yataqlarının məkanda qeyri-bərabər paylanmasını əsaslandıran formalaşma mexanizmi işlənib hazırlanıb.
Biologiya və tibb elmləri sahəsində müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan toplanmış ərik bitkisi üzərində aparılan tədqiqatlarla çox zəngin genetik müxtəliflik və şarka xəstəliyinə davamlılıq geninə malik donor genotiplər aşkarlanıb.
Üzüm bitkisində müvafiq genin senkvens analizləri nəticəsində Azərbaycanda ilk dəfə olaraq yeni fitoplazma növü aşkar olunub və onun təhlükəli “Bois noir” xəstəliyinin törətdiyi müəyyən edilib.
Hesabatda o da bildirilib ki, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət proqramı” çərçivəsində Azərbaycanda beta-talassemiyaların prenatal diaqnostikası həyata keçirilib. Talassemiya daşıyıcısı olan 40 cütlükdə talassemiya mutasiyaları aşkar olunub.
Aqrar elm sahəsində aparılmış tədqiqatlar nəticəsində dənli, dənli-paxlalı, pambıq, tərəvəz, bostan, üzüm, yem , meyvə və digər bitkilərin 20945 genofondu öyrənilib. (APA)
Qaynar.Az