Xəbər lenti

Özünü generalın xalası oğlu adlandıran şəxs axtarışa verildi
Ölkə20:30 18.11.2014

Özünü generalın xalası oğlu adlandıran şəxs axtarışa verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə Baş Prokurorluğun protestinə baxılıb. Prokurorluq Nizami Rayon Məhkəməsinin hakimi Elnur Nuriyevin dələduzluqda ittiham olunan Qasım Hüseynovun barəsində seçdiyi ev dustaqlığı qəti-imkan tədbirinə etiraz edib. 
Prosesdə iş üzrə zərərçəkən Zamiq Məmmədovun müraciət etdiyi hüquq müdafiəçisi Vidadi İsgəndərli də iştirak edib. V.İsgəndərli “Yeni Müsavat”a deyib ki, Q.Hüseynov sonuncu prosesə də qatılmayıb: “Onun evinə məhkəmədən dəfələrlə çağırış göndəriblər. Lakin ev dustağı evdə olmayıb və buna görə də məhkəməyə çağırış vərəqəsini ala bilməyib. Əgər bir şəxs barəsində ev dustaqlığı qəti-imkan tədbiri seçilirsə və o, evdə deyilsə, deməli o, artıq qanunu növbəti dəfə pozur. Deməli həbs olunmalıdır ”.
Hüquq müdafiəçisi deyib ki, prosesdə məlum olub ki, Q.Hüseynovu Nizami Məhkəməsində olduğu kimi qanunsuz olaraq Bakı Apelyasiya Məhkəməsində də zaldan azad ediblər: “Bu adamı məhkəmələrdə açıb buraxırlar. O da öz işindədir. Dələduzluqları davam etdirir. Elnur Nuriyevin ev dustaqlığı qərarı icra olunmur. Qasım gizlənib. Həmin qərar rüşvətlə verilmişdi və bu gün (noyabrın 18-də) hakim Faiq Qasımov həmin qərarı ləğv edərək barəsində həbsli axtarış qərarı verdi”.
Hüquq müdafiəçisi deyib ki, prezidentə müraciət edərək Q.Hüseynovu məhkəmə zalından azad edən hakimlərin  fəaliyyətinə xitam verməsini istəyəcək: “Polis onu 4 aylıq axtarışdan sonra saxlamışdı. Hakimlər də açıb buraxdı. Belə olmaz”.
Yada salaq ki, “Amay” rəhbəri Qasım Hüseynovla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində iş gedir. Ancaq ev dustaqlığına buraxılan şirkət rəhbəri nə prosesdə iştirak edir, nə də aldatdığı payçıların mənimsədiyi pulu geri qaytarır. Q.Hüseynov özünü Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin xalası oğlu kimi təqdim edib və vətəndaşlardan 200 min, 350 min və daha sonra 500 min manat alıb. 
Zamiq Məmmədov və digər zərəçəkənlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Aydın olub ki, Q.Hüseynov daha əvvəl Türkiyə vətəndaşı olan bir qadından 500 min, digər iki vətəndaşdan ayrı-ayrılıqda 200 min manat alaraq onları da aldadıb.
Bu vətəndaşların şikayəti əsasında Səbayel Rayon Polis İdarəsində baş müstəntiq Ziya Əliyevin icraatında cinayət işi olub. Səbayel rayon Məhkəməsi onun haqda 3 aylıq həbs qəti-imkan tədbiri seçib. Firma rəhbəri həbsdə olduğu və istintaq getdiyi müddətdə iş apelyasiya məhkəməsinə göndərilib. Dələduzluq ittihamı ilə məhkəmə qarşısına çıxarılan Q.Hüseynov Bakı Apelyasiya Məhkəməsində də zaldan azad edilib.
Qaynar.info