Amal Abuşov
İdman 11:00 23.11.2022

Uçurum

Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları start götürüb. Artıq dünən bu mərhələ çərçivəsində üç oyun keçirilib. Bu gün isə daha üç qarşılaşma da qalib müəyyənləşəcək. Sevinən komandalar qənimətə bir addım da yaxınlaşacaq, ölkə kubokunun başı üzərinə qaldırmaq üçün mübarizəni davam etdirəcəklər.

Əvvəlcə nəticələrə baxaq. Bu mərhələdə cəmi iki cütdə Premyer Liqa iştirakçıları qarşılaşır. Dünən "Şamaxı” öz meydanında "Turan Tovuz”u qəbul edib və bu qarşılaşmada qonaqlar minimal hesablı qələbəyə seviniblər. Yeri gəlmişkən qeyd edim ki, bu gün də "Kəpəz” Gəncədə "Sumqayıt”ı qəbul edəcək. Nəticədən də göründüyü kimi, Şamaxıda bərabərsəviyyəli oyun gedib və görüşün taleyini yeganə qol həll edib. Özü də həmin qol meydan sahiblərinin qapısına ikinci hissədə vurulub. Digər görüşlərdə isə gərgin mübarizədən, intiriqadan söhbət belə getməyib. Səbəbi isə məlumdu. Çünki orda elita komandaları aşağı dəstədən olan rəqiblərlə qarşılaşıblar.

Bütün dünyada qəbul olunmuş qaydadır. Kubok yarışları daha kütləvi olur, nisbətən zəif komandalar üçün əsl sınağa və futbol bayramına çevrilir. Maddi imkanlarına, heyətinə görə yüksək liqada oynaya bilməyən nisbətən zəiflər güclü rəqiblə qarşılaşmaq, özünü göstərmək şansı əldə edirlər. Bəs bizdə necədir? Bizdə vəziyyət acınacaqlıdır, dostlar. Hər şey ondan başlayır ki, birinci divizionun təmsilçiləri min bir bəhanə ilə yaxalarını kənara çəkir, kubok mübarizəsinə qatılmaq istəmirlər. Binəvalar başa düşür ki, elita komandalarına qarşı heç nə edə bilməyəcəklər, meydandan böyükhesablı yenilgi ilə ayrılacaqlar. Elə "Qəbələ” – "Araz Naxçıvan” və MOİK – "Səbail” qarşılaşmaları da buna sübutdur. 

"Qırmızı-qaralar” öz meydanında Naxçıvandan gələn qonaqlara əməlli-başlı divan tutublar. "Araz Naxçıvan”ın qapıçısı düz beş dəfə topu qapıdan çıxarmalı olub. "Səbail” isə "əsgərlər”in qapısına düz dörd dəfə yol tapıb. Bu yerdə qeyd edək ki, "Araz Naxçıvan” birinci divizionun liderlərindəndir və iddia edirlər ki, onlar orda Premyer Liqaya çıxmaq uğrunda mübarizə aparırlar. "Qəbələ” bir ayaqla onlar beş dəfə məyus edib. Elmar Baxşıyevin komandası özünə bir qədər də əziyyət versəydi, hesab ikirəqəmlə ifadə olunardı. "Səbail” isə elitada heç ortabablardan da sayılmır. Bayıl komandası qələbə üzünə həsrətdir, 14 turda cəmi 10 xal toplamağı bacarıblar. Həmin xalların da 4-ü güc-bəla ilə qazanılan heç-heçələrin sayəsindədir.

Bəd gətirib, azarkeşlərin qanını qaraltmaq istəmirəm. Amma təxmin etmək çətin deyil ki, bu günkü oyunlarda da oxşar mənzərəyə şahidlik edəcəyik. Nə "Qaradağ Lökbatan” "Sabah”a müqavimət göstərə biləcək, nə də "Mingəçevir” "Zirə”nin qarşısında duruş gətirməyi bacaracaq. Premyer Liqa komandaları rəqiblərinin qapısına istədikləri qədər qol vuracaqlar. Ondan sonra da Azərbaycan kuboku uğrunda mübarizə yalnız Premyer Liqa komandaları arasında gedəcək.

Görünən odur ki, birinci divizon komandaları ilə elita təmsilçiləri arasında səviyyə fərqi miqyasa gəlməyəcək qədər böyükdür. Bunun adı heç fərq də deyil, əməlli-başlı uçurumdur. Bu uçurum aradan qalxmadıqca nə ölkə kubokunda gərgin mübarizəyə şahidlik edəcəyik, nə də Premyer Liqada yeni adlar görə biləcəyik. Çünki divizionda oynayan gənclər orta püxtələşməli, elita üçün hazırlanmalıdır. İndiki uçurum isə buna imkan vermir. Diviziona baxış dəyişməli, ordakı komandaların da uşaq məktəbləri, normal bazaları, düzgün sistemləri olmalıdır. Bilirəm, çətin, hətta imkansız görünür. Amma bunu etmiriksə, De Byazinin danışdıqları da, AFFA-nın bər-bəzəkli açıqlamaları da nağıldır. Elə divizion komandalarına xərclənən pullar da artıq məsrəfdən başqa bir şey deyil. 

Yaxşı-yaxşı düşünün, cənablar. Nə pulunuzu çölə atın, nə də zamanı yelə verin!

Amal Abuşov