Xəbər lenti

1 QHT 105 şikayəti necə həll etdi?
Ölkə10:33 28.06.2013

1 QHT 105 şikayəti necə həll etdi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ceyhun Musaoğlu: ““Bu müraciətlər mətbuata çıxarılmadan birbaşa əlaqəli ünvanlara göndərilirdi”


Prezidentin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin həyata keçirdiyi 3 aylıq layihəyə  yekun vuruldu .

“İctimai əhəmiyyət kəsb edən məsələlərlə əlaqədar televiziya və radio verilişlərinin hazırlanması, ictimai müzakirələrin və debatların təşkil edilməsi” istiqamətində həyata keçirilən layihənin adı “Qaçqın, məcburi köçkün, müharibə əlili və şəhid ailələrinin problemlərini mətbuata çıxarmadan rəsmi qurumlara təqdim etmək”dir.

Bu gün layihənin yekunu ilə bağlı mətbuat konfransı keçirən JEM sədri Ceyhun Musaoğlu ötən ay nazirliklərə və dövlət komitələrinə 105 şikayətçi müraciətlərinin göndərdiyini açıqladı: “Bu müraciətlər mətbuata çıxarılmadan birbaşa əlaqəli ünvanlara göndərilirdi.

Mərkəzdə yaradılan Qaynar Xəttə daxil olan müraciətlər əsasında bir neçə cümləlik mətn düzəldirdik. Bəzən ən sadə hadisələr onları mürəkkəbləşdirdiyimizdən ya nəticəsiz qalır, ya da əleyhimizə çevrilir. Layihənin əməkdaşları müraciətlərin məğzini dövlət orqanlarına göndərirdi”.

C.Musaoğlu bu layihə çərçivəsində əməkdaşlıq etdikləri nazirliklərə, dövlət komitələrinə minnətdarlıq da etdi: “Bilirsiniz, bəzən ümumi axına qoşuluruq,  səsləndirdiyimiz fikirlərin arqument çəkiləri az olur. Rəsmi strukturlardan, daha doğrusu onların vətəndaşlarla münasibətlərindən şikayət edənlərin əksəriyyəti çox güman bir işin arxasınca sona qədər və düzgün istiqamətdə getməyənlərdi. Biz layihə başlayanda 10 dövlət orqanına müraciətlər ünvanladıq. Onlarla əməkdaşlıq etmək istədiyimiz bildirdik. Heç 5 gün keçmədi hər birindən rəsmi məktub aldıq. Məktubda göstərilirdi ki, onlar bizim layihəyə dəstək verməyə hazırdılar.

İkinci ay şikayətləri hazırlayıb rəsmi məktubla və elektron poçt vasitəsi ilə həmin dövlət orqanlarına göndərdik. Bu dəfə də reaksiya müsbət oldu. Cavab məktublarında həmin şikayətlərin yerində araşdırıldığı, əsaslı olanların həll edildiyi vurğulanırdı”.

 JEM sədrinin sözlərinə görə, Əmək Məsələləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizlik Nəzarət Dövlət Agentliyi, Təhsil Nazirliyinin  məsul şəxsləri Qaynar Xəttlə əlaqə saxlayıb vətəndaşların problemləri ilə daha yaxından tanış olublar.  Bir neçə şikayətin isə əsassız olduğu aşkara çıxıb”.

C.Musaoğlu bildirib ki, məhz əsassız şikayətlərin mətbuata çıxması vətəndaşla məmur arasındakı vəziyyəti gərginləşdirə bilir: “Layihənin məqsədi isə gərginlikləri aradan qaldırmaq, problemin geniş ictimaiyyətə çatdırılmadan həllinə nail olmaqdan ibarətdir. JEM qərara alıb ki, layihəni bundan sonra öz imkanlarımız hesabına davam etdirək. Prezidentin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına minnətdarlığımızı bildiririk ki, məhz ictimai problemlərin aradan qaldırılmasına xidmət edən layihələrə daha yaxından dəstək olur.

Təsəvvür etsək ki, belə bir layihə yox idi və 105 şikayət də mətbuata çıxmışdı və onlardan neçəsi əsassız idi, onda oxucuda çaşqınlıq yaranacaqdı. Düşünürük ki, QHT-lərin əsas işi cəmiyyətdəki gərginliyi azaltmaq, insanların narahatlığı üçün daha fərqli ideyalar həyata keçirməkdən ibarət olmalıdı. Biz 3 aylıq layihə ilə bu həqiqətə qismən də olsa əməl etməyə çalışdıq. Bu işdə əməyi keçən hər kəsə - şikayətçilərə, dövlət qurumlarına, o cümlədən QHT Şurasına təşəkkürümüzü bildiririk”.

Qaynar.info