“15-dən çox ölkə neft hasilatının həcminin yanvar səviyyəsində dondurulması ilə razı olduğunu ictimaiyyət qarşısında təsdiqləyib” .
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya energetika naziri Aleksandr Novak bildirib.
“Lakin bunu ancaq ictimaiyyət qarşısında elan etmək kifayət etmir. Neft hasilatının dondurulmasına hazırlıq üçün mütləq nazirlər səviyyəsində görüş keçirib bu qərarı təsdiqləmək lazımdır”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, İranın iştirakı olmadan da neft hasilatının dondurulması öz effektini göstərəcək.
A. Novak həmçinin qeyd edib ki, neftin dünya bazarındakı qiyməti 2014-cü ildəki səviyyəsinə qayıtmayacaq: “O zamanlar neftin bir barelli 100 dollar idi. Bu il isə neftin bir barellinin 50-60 dollar olması böyük möcüzədir.
Qeyd edək ki, fevralın 16-da Qətərin paytaxtı Dohada dörd böyük neft ixracatçısı olan Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər neft istehsalını yanvar ayı səviyyəsinə uyğun dondurmaq qərarı alıb.
Qaynar.info