2 saata Azərbaycan dilini öyrənmək olarmı? – ETİRAZ

2 saata Azərbaycan dilini öyrənmək olarmı? – ETİRAZ

Bizim tədris planımızda rus bölməsində oxuyan şagirdlərə Azərbaycan dilinin tədrisi üçün daha çox vaxt ayrılmalıdır.

Bu fikirləri Qaynarinfo-ya rus bölmələrində Azərbaycan dilinin tədris saatlarının artırılması təşəbbüsüylə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq deyib. 

Şəmil Sadiq rus və ya digər dillərdə tədris aparılan bölmələrdə Azərbaycan dilinə cəmi 2 saat ayrılmasına etiraz edib: 

"Bizim tədris planımızda rus bölməsində oxuyan şagirdlərə Azərbaycan dilinə cəmi 2 saat ayrılır. Təhsil qanununda da qeyd olunub ki, Azərbaycanda başqa bölmələrdə təhsil alan uşaqlar Azərbaycan tarixi, Azərbaycan dili, Azərbaycan coğrafiyasını keçməklə, başqa dildə tədris mümkündür. Amma tədris planındakı Azərbaycan dili - Azərbaycan dilidir. Azərbaycan dilinə ayrılan 2 saat yararsız vəziyyətdə olur. İki xarici dil (ingilis və rus) keçiləndə, etiraf edək ki, ikinci xaricə dilə valideyn də, uşaq da maraqlı olmur. Bunun nəticəsində müəllim də tədrisi düzgün qura bilmir. 

Onu da qeyd edim ki, həftədə 1-2 saata dil öyrənmək mümkün deyil. Azərbaycanda rus bölmələrinə çox ciddi maraq var bə buna görə rus bölmələrini bağlamaq mümkün deyil. Böyük dövlətdir, qonşumuzdur, geniş ədəbiyyatı, mədəniyyəti var. Mən bunların tərəfdarıyam. Uşaq dil öyrənib daha böyük, geniş imkanlar əldə etməlidir. Ancaq gəlin Azərbaycanda təhsil alan rus bölməsi şagirdlərini məktəblərimizdə araşdıraq. Əksəriyyəti dilimizi bilmir. Hətta ailəsi rus dilli olan azərbaycanlı uşaqların belə, ümumiyyətlə, Azərbaycan haqqında anlayışı, məlumatı yoxdur. 

2 saat ilə də bir ölkənin dilini, mədəniyyətini və xüsusilə rəsmi dilini öyrətmək mümkün deyil. Bunları nəzərə alaraq düşünürəm ki, tədris həftə ərzində heç olmasa 6 saata qədər qaldırılmalıdır. Bizim tədris planımız 25-35 saata qədər dəyişir. Ortaya "Nəyin hesabına artırılmalıdır?" məsələsi çıxa bilər... Tədris planını bölmək lazımdır. 

Rus bölmələrində ana dili kimi rus dili keçilir. Aşağı siniflərdə 9-10 saat, nisbətən yuxarı siniflərə keçdikdə isə 5-8 saat arasında dəyişir. Fikrimcə, rus dili və ədəbiyyatdan 3-4 saat götürülüb Azərbaycan dilinə verilməlidir. Onsuz da uşaq digər bütün fənləri rus dilində keçir, rus dilini öyrənir. Azərbaycan dilində cəmi bir dənə Azərbaycan dili dərsi var. Azərbaycan coğrafiyasını da, Azərbaycan tarixini də rus dilində keçir. O baxımdan mənim təklifim budur ki, ya Azərbaycan dili saatı artırılsın və yaxud rus bölməsində təhsil alan şagirdlərə Azərbaycan tarixi və Azərbaycan coğrafiyası elə Azərbaycan dilində keçilsin. 

Azərbaycanda oxuyan, Azərbaycan dövlətinin maliyyəsi ilə təhsil alan bir uşağın haqqı və vəzifəsidir ki, ana dilini bilsin. Bilinməsi üçün də təhsil ictimaiyyəti, pedaqoqlar, metodistlər hökmən nəzərə almalıdır ki, o uşaqlara dilin öyrədilməsi ilə bağlı yol öyrədilsin. Azərbaycanda fəaliyyət göstərən xarici təmayüllü məktəblərdə niyə Azərbaycan dili keçilmir? Uşaq bütün günü Türkiyə türkcəsində və yaxud da fransız dilində danışsın, amma Azərbaycan dilində niyə bilməsin?  

Xarici dildə təhsil verən məktəblər Azərbaycan dilini və ədəbiyyatını minimum 6 saat keçməlidir. Ya da dediyim kimi, Azərbaycan tarixini və coğrafiyasını Azərbaycan dilində keçməlidir. Azərbaycan dilində keçilərsə, Dövlət İmtahan Mərkəzi gələcəkdə qəbul prosesində imtahanda tarix və coğrafiyadan sualları Azərbaycan dilində sala bilər. Belə həll yolu da mümkündür”.

Röya Kərimli
Qaynarinfo

XƏBƏRLƏR
BLOGLAR