Xəbər lenti

20 min nəfərlik hərbi təlimlərin səbəbi: savaş başlayır?
Ölkə05:32 06.02.2015

20 min nəfərlik hərbi təlimlərin səbəbi: savaş başlayır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri davam edir. Təlimlərin Ermənistan-Azərbaycan cəbhəsində növbəti gərginliyin müşahidə olunduğu, ağır silahların işə düşdüyü və qarşılıqlı itkilərin olduğu dövrə təsadüf etməsi bir sıra uzaqgedən nəticələr ortaya çıxarır. 
Xüsusilə də son vaxtlar savaşın hər an başlaya biləcəyi barədə xəbərlərin ardınca ordumuzun irimiqyaslı hərbi təlimlərə başlaması təsadüf kimi dəyərləndirilmir. Eyni zamanda ordu rəhbərliyinin bundan əvvəl ön cəbhədəki şəxsi heyətin hərbi-psixoloji durumunu  yoxlaması da diqqətdən yayınmadı. Qeyd edək ki, sonuncu genişmiqyaslı hərbi təlimlər ötən ilin payızında Türkiyə hərbçiləri ilə birlikdə keçirilib.   
Ali Baş Komandanın göstərişinə əsasən birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə fevral ayının 2-də başlayan təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri, o cümlədən ehtiyatda olan 5.000 nəfərədək hərbi vəzifəli cəlb edilib. Döyüş hazırlığı çərçivəsində ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı “Yeni Müsavat”a bildirdi ki, bu, əvvəlcədən planlaşdırılmış hərbi təlimlərdir və son günlər cəbhədə baş verənlərlə hər hansı əlaqəsi yoxdur. Təlimlərə əlavə canlı qüvvənin cəlb olunmasına gəldikdə, nazirlik rəsmisi bildirdi ki, bu kimi addımlar Ali Baş Komandanın tapşırığına əsasən atılıb: “Silahlı Qüvvələrin 15 min nəfərlik şəxsi heyəti ilə bərabər 5 min nəfər mülki şəxs cəlb olunub. Bu, Silahlı Qüvvələrin bütün qoşun növlərinin iştirakı ilə keçirilən irimiqyaslı təlimdir və davam edir”.  
Azərbaycanın bəzi bölgələrində hərbi xidməti başa vuran gənclərin yenidən hərbi xidmətə aparılması ilə bağlı daxil olan məlumatlarla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayıb. Oxu.az saytının sorğusuna cavabında Dövlət Xidmətindən bildiriblər ki, fevralın 2-dən başlayan irimiqyaslı təlimlərlə əlaqədar ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə cəlb olunub. “Ali Baş Komandan, cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fevralın 2-dən başlayan irimiqyaslı təlimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin respublikanın qərb bölgəsində yerləşən şöbə və bölmələri iştirak edib.
Təlimlər zamanı hərbi birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə onların müharibə dövrünün ştatına uyğun komplektləşdirilməsi üçün ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri cəlb olunub".
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb.
Müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə vətən və xalq qarşısında məsuliyyətlərinə diqqət çəkərək, təlim toplanışında mütəşəkkil qaydada iştirak etdiklərinə, bir an belə tərəddüd etmədən vətənin müdafiəsi üçün şərəf və vicdanla yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə onlara təşəkkür edib.
Nazir bildirib ki, onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını bilmək imkanı əldə ediblər: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bu gün də davam edir. Silahlı Qüvvələrimiz bütün imkanlardan istifadə etməklə düşməni işğal olunmuş torpaqlarımızdan çıxarmağa qadirdir. Son zamanlar düşmən daha da azğınlaşıb. Amma Ermənistandakı hərbi xuntanın rəhbərləri bilməlidirlər ki, Azərbaycan Ordusu və Azərbaycan əsgəri onların layiqli cavabını verir və bundan sonra da verəcəkdir. Qısa bir müddət ərzində 20-dən çox işğalçı məhv edilib. Düşmənin onlarla yaralısı var. Silahlı Qüvvələrimiz də vətən uğrunda şəhid verib. Biz onların yaxınlarına və əzizlərinə başsağlığı veririk. Xalqımız bilməlidir ki, şəhidlərin qisası birə on qat alınıb və bundan sonra da belə olacaqdır”. 
Qaynar.info