İngiltərə Premyer Liqası nəhənglərindən olan "Çelsi"də 19 illik Roman Abramoviç dövrü başa çatdı!
Qaynarinfo xəbər verir ki, Britaniya hökumətinin sanksiyaları rusiyalı milyarderin sahibi olduğu "Çelsi”ni çətin vəziyyətə salıb və bundan sonra belə olacaq.
Rusiyanın Ukraynanı işğalçı hərbi təcavüzündən sonra Britaniya hökuməti "Çelsi”yə bir sıra qadağalar qoyub. Klub rusiyalı iş adamından alınandan sonra bilet və lisenziyalı məhsulların satışı qadağan edilib.
Bank hesabları dondurulan və kartları ləğv edilən "Çelsi" öz avtobusuna yanacaq ala bilməyəcək vəziyyətə düşüb. Komandaya səfərlər üçün 20 min funt-sterlinqlik limit qoyulub. Çempionlar Liqasında yoluna davam edən "Çelsi" şəxsi təyyarə ilə səyahət edə və lüks otellərdə qala bilməyəcək. İngiltərə mətbuatında çıxan xəbərə görə, futbolçular, texniki heyət və komandaya kömək edən digər nümayəndələr bu limiti aşmamaq üçün səfər oyunları zamanı daha aşağı səviyyəli otellərdə məskunlaşacaq. Təyyarə ilə səyahətlər isə Böyük Britaniyanın orta səviyyəli hava yolu şirkəti ilə həyata keçiriləcək.
İngiltərə komandasına müqaviləsi başa çatan futbolçularla yeni anlaşma imzalaya, heç bir futbolçusunu sata və ya transferlər həyata keçirə bilməməsi ilə bağlı sanksiyalar tətbiq edilmişdi.
Səbuhi Həsənov