
Xaricdə təhsil alan azərbaycanlıların təqribən yarısının diplomu Azərbaycanda tanınmır.
Bu barədə Təhsil Nazirliyindən bildirilib. Nazirlikdən bildirilib ki, 2007-2016-cı illər ərzində diplomların tanınması ilə bağlı Təhsil Nazirliyinə 20 min 520 müraciət daxil olub. Bu müraciətlərin təqribən 55%-i müsbət cavablandırılıb.
Ən problemli ölkələr hansılardır?Qeyd edək ki, diplomların tanınması Təhsil Nazirliyinin qəbul etdiyi qaydalara əsasında həyata keçirilir. Belə universitetlərə qarşı müəyyən tələblər var. Məsələn, nazirlikdən bildirilib ki, ərazisində yerləşdiyi ölkə tərəfindən tanınan, müvafiq lisenziya və akkreditasiyaya malik xarici universitetlərin diplomları ölkəmizdə tanına bilər.
Tanınmasından imtina olunan diplomlar əsasən, MDB ölkələrindəki universitetlərinin verdiyi sənədlərdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev fins.az-a açıqlamasında bunu həmin ölkələrdə təhsil alan gənclərin təhsil keyfiyyətinin aşağı olması ilə izah edib:«Diplomların tanınması prosesində biz hər kəsə fərdi yanaşaraq oxuduqları müddətdə dərslərdə iştirakı və aldığı təhsilin keyfiyyətini araşdırırıq. Avropa ölkələri, Türkiyə və digər ölkələrin diplomlarının tanınması ilə bağlı ciddi problem yaşamırıq. Ən çox MDB ölkələrinin universitetlərinin verdiyi diplomlardan imtina edilib. Araşdırmalar zamanı məlum oldu ki, həmin həmin tələbələrin orada dərsə davamiyyəti normativlərə cavab vermir».
Diplomlar nəyə əsasən tanınır?Xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması (nostrifikasiya) hələki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiqlənən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müddəaları” (http://e-qanun.az/framework/1313) əsasında aparılır.
Xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycanın ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi isə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası» və təhsil nazirinin 14.02.2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq olunmuş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar»a ( http://edu.gov.az/az/page/299/7979 ) uyğun həyata keçirilir.Yuxarıda qeyd edildiyi kimi, diplomlar tanınarkən, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərindəki yeri də nəzərə alınır. Bəs bu zaman hansı reytinqlər əsas götürülür? Təhsil Nazirliyindən bildirilib ki, bunun üçün bir neçə reytinqdən istifadə edilir. Bunlar aşağıdakılardır.
Ən yaxşı ali təhsil müəssisələrinin reytinqləriXaricdə təhsil alıb geri dönən gənclər əllərindəki diplomla işə düzəlməyi, həyatlarını dəyişməyi planlaşdırırlar. Ancaq diplomun tanınması məsələsi ortaya çıxandan bu istəklərinə tez nail olmaları çətinləşib. Bəzən isə bu ümumiyyətlə mümkün olmur.
Xaricdəki təhsil müəssisələrinin verdiyi diplomları Təhsil Nazirliyi tanımazsa, həmin şəxs burda təhsilini yuxarı pillələrdə davam etdirə bilməz. Beləliklə, elmi araşdırmalarla məşğul olması da əngəllənir.