Milli.Az bildirir ki, Şəkinin Daşüz kəndinin sakinləri bir neçə gündür ki, təlaş içindədirlər.
Buna səbəb kənd əhalisinin mal-qarasının canavarların hücumuna məruz qalmasıdır.
Hadisə 7 noyabr axşam saatlarında heyvanlar örüşdən qayıdan zaman baş verib. Naxırçı mal-qaranı canavarlardan qorumağa çalışsa da, buna müvəffəq ola bilməyib. Nəticədə kənd sakinləri Məmmədov Əsəd və Məmmədov Əfqana məxsus iki baş inək canavarlar tərəfindən parçalanıb.
Zərərçəkənin sözlərinə görə, canavarlar axşam saatlarında sürü halında kəndə hücum edir və həyətlərə girərək heyvanları parçalayır. Ailənin sözlərinə əsasən, onların heyvanları artıq bununla 4-cü dəfədir canavarların hücumununa məruz qalıb. Kənd sakinləri canavarların hücumunun təkrarlanacağından narahatdırlar. Odur ki, heyvanlarını örüşə göndərməyə qorxurlar.
Onlar bildirir ki, bu hadisə Daşüz kəndində birinci dəfədir ki, baş vermir. Bundan bir neçə gün qabaq da kənddə bir inək və 10 qoyun canavarın hücumuna məruz qalıb. Məsələ ilə bağlı kənd icra nümayəndəsinə müraciət etsələr də, hələlik bir nəticə əldə edə bilməyiblər.
Qaynar.info