
Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində statistik hesabatların formalaşdırılması, təqdimi və qəbul olunması qaydalarının təsdiq edilməsi barədə əmr imzalayıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirin əmrinə əsasən, təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsilin dəqiq statistikasının aparılması mövcud vəziyyətin operativ təhlil edilməsi və əsaslandırılmış optimal qərarların qəbul edilməsi baxımından çox vacibdir. Belə məlumatlara Təhsil Nazirliyi, yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələri ilə yanaşı, digər dövlət qurumlarının, eləcə də ictimaiyyətin müəyyən təbəqəsinin ehtiyacı var.
Hazırda nazirlikdə ümumi təhsil məktəblərini əhatə edən informasiya sistemi fəaliyyət göstərir və məlumat bazasında son 5 tədris ili üzrə respublikanın bütün ümumi təhsil məktəblərinin maddi-texniki bazası, hər bir şagirdi, müəllimi haqqında məlumat toplanıb və bu məlumatlar mütəmadi olaraq yenilənir. Ancaq rəsmi statistikanın mövcud qaydalara uyğun aparılması məlumat bazası ilə rəsmi statistika arasında bir sıra göstəricilər üzrə fərqlərin yaranmasına, yekun hesabatların vaxtında hazırlanmamasına səbəb olur. Bunlar və digər səbəblər rəsmi statistikanın qəbulu və onlardan istifadə edilməsi ilə bağlı qaydaların dəyişdirilməsini, mövcud proqram təminatının təkmilləşdirilməsini və genişləndirilməsini, ali təhsil, orta-ixtisas təhsili, peşə təhsili və digər istiqamətlər üzrə də məlumat bazalarının yaradılmasını zəruri edir.