
"Poliqon" İnformasiya Agentliyinin (PİA.AZ) baş redaktoru Azər Qaramanlı daxili işlər naziri Ramil Usubova müraciət edib
Baş redaktor DİN-nin nümayəndələrinin qəzaya səbəb olmuş və bundan sonra hadisə yerini tərk etməklə cinayət əməli törətmiş şəxsi məsuliyyətdən yayındırmaq cəhdlər ilə bağlı daxili işlər naziri Ramil Usubva müraciət edib.
Cənab nazir!
Adətən, biz mətbuat nümayəndələri ayrı-ayrı şəxslərin başına gələn haqqsızlıq və qanunsuzluqlarla bağlı vətəndaşların müraciətlərini sizə çatdırırıq. İnsafən onu da deməliyəm ki, adətən sizin xəbərdar olduğunuz özbaşıanalıqların və qanunsuzluqların qarşısı qısa müddətdə alınır və DİN-in əlaqədar qurumlarının məsələ ilə bağlı reaksiyaları gecikmir. Amma bu dəfə mən özümün, daha doğrusu, PİA.Azın sürücüsünün üzləşdiyi qanunsuzluq və hüquqa zidd dərəbəylik barədə sizə müraciət etmək məcburiyyətində qalmışam.
Cənab nazir!
İyulun 16-da gecə saat 1 radələrində saytımızın əməkdaşı (sürücüsü), Hüseynov Siyasət Əlif oğlu VAZ 2105 markalı, 90 RD 495 dövlət nişanlı maşınla “Azadlıq” prospekti ilə Binəqədi istiqamətində hərəkət edərkən əks istiqamətdən hərəkət edən tünd göy rəngli «Mersedes E Class» markalı avtomaşın Hüseynov Siyasət Əlif oğlunun idarə etdiyi maşına çırpılıb. Qəza törətmiş sürücü maşını saxlamadan hadisə yerini tərk edib. Bu zaman hadisə yerində olan 520 nömrəli Dövlət Yol Polisi İdarəsinin Patrul Xidmətinin maşını qəza törədib hadisə yerini tərk edən avtomobilin arxasınca sürüb. Bir qədər kənarda qəza törətmiş tünd göy rəngli «Mersedes E Class» markalı avtomaşını saxlayan 520 nömrəli Dövlət Yol Polisi İdarəsinin Patrul Xidmətinin maşını daha sonra həmin maşını buraxıb və hadisə yerini tərk etməsinə imkan yaradıb.
Daha sonra isə qəzada xəsarət almış Hüseynov Siyasət Əlif oğluna yaxınlaşaraq qəza törətmiş maşını saxlaya bilmədiyini söyləyərək hadisə yerini tərk edib. Maraqlıdır ki, 520 nömrəli Dövlət Yol Polisi İdarəsinin Patrul Xidmətinin maşını xəsarət almış Hüseynov Siyasət Əlif oğluna tibbi yardım göstərilməsi üçün Təcili Yardım maşını çağırmadan və hadisənini protokollaşdırmadan hadisə yerini tərk edib. 102-yə edilən zənglərdən sonra 317 saylı Dövlət Yol Polisi İdarəsinin Patrul Xidmətinin maşını gəlib. Lakin onlarda hadisəni protokollaşdırmaqdan imtina edərək (Səbəb kimi bu işə Bakı şəhər DYP-si baxa bilməz göstərilib) hadisə yerini tərk edib. Nəhayət, bir neçə saatdan sonra Nərimanov rayon Polis İdarəsinin İstitaq İdarəsinin tədqiqatçısı Həsrət Aslanov hadisə yerinə gəlib və hadisənin tədqiqatına başlanılıb.
Cənab nazir!
Nərimanov rayon Polis İdarəsinin İstitaq İdarəsinin tədqiqatçısı Həsrət Aslanov tədiqata çox maraqlı başlayıb. Belə ki, cənab Aslanov xəstəxanaya göndərdiyi zəzərçəkmişdən tibbi ekspertə vermək üçün 50 manat istəyib. Tədqiqatçı əks təqdirdə tibbi ekspertin onun xeyrinə rəy yazmayacağını bildirib. Qeyd edim ki, tələb olunan rüşvəti ala bilmədiyinə görə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Nərimanov rayon şöbəsinin eksperti Süleyman Davudov zərəçəkmişə “xəsarət almamışdır” rəyini verib. Halbuki zərəçəkmiş Hüseynov Siyasət 1 saylı Mərkəzi Klinikanın Travmatologiya şöbəsində müayinə olunmuş və aldığı xəsarətə görə əli və çiyni bintlə sarınmışdır.
Daha sonra tədqiqatçı Həsrət Aslanov bizimlə söhbətində bildirdi ki, hadisə ilə bağlı cinayət işi açılıb. O, 10 gün müddətində ərazidə quraşdırılmış kameralardan qəzanı törədərək hadisə yerini tərk edən maşını dəqiqləşdirməyə çalışacağını bildirdi. Biz öz növbəmizdə 520 nömrəli Dövlət Yol Polisi İdarəsinin Patrul Xidmətinin maşının qəza törədən maşını saxladığını, buna görə də həmin maşının nömrəsini və sürücüsünü bildiyini tədqiqatçıya xatırladanda, o, bildirdi ki, 10 gün müddətində lazım olan tədqiqat işləri aparılacaq və bizə məlumat veriləcək.
İyun ayının 27-də biz yenidən tədqiqatçı Həsrət Aslanovun qəbulunda olduq və işin gedişi ilə maraqlandıq. Müstəntiq bizə ancaq bir kamera görüntüsünü göstərərək axtarılan maşının nömrəsinin kamera qeydlərinə düşmədiyini bildirdi. Biz bir daha öz tərəfimizdən 520 nömrəli Dövlət Yol Polisi İdarəsinin Patrul Xidmətinin maşında xidmət edən müfəttişlərin dindirilib-dindirilmədiyini bildirdikdə, tədqiqatçı Həsrət Aslanov bizə birbaşa bildirdi ki, işdə cinayət tərkibi olmadığına görə 10 gün müddətində açılan cinayət işinə xitam veriləcək və biz də bu barədə məlumatlandırılacağıq.
Cənab nazir!
Bütün məsuliyyəti ilə bildirərəm ki, 520 nömrəli Dövlət Yol Polisi İdarəsinin Patrul Xidmətinin maşında xidmət edən müfəttişlər və Nərimanov rayon Polis İdarəsinin İstitaq İdarəsinin tədqiqatçısı Həsrət Aslanov yüksək sürətlə qəza törətmiş və hadisə yerindən qaçmaqla cinayəıt əməli törətmiş «Mersedes E Class» markalı avtomaşının sürücüsünün kimliyini bilirlər. Lakin nəyinsə müqabilində qəzaya səbəb olmuş və bundan sonra hadisə yerini tərk etməklə cinayət əməli törətmiş şəxsi məsuliyyətdən yayındırmağa çalışırlar. Onlar bununla qanunun tələlərini pozurlar. Halbuki qəza törədərək hadisə yerindən qaçmış sürücü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 264-cü maddələrinə əsasən cinayətə yol vermiş və məsuliyyətdən yayınmışdır. Belə bir şəxsin yol polisi əməkdaşları tərəfindən gizlədilməsi isə hansısa incə məqamlardan xəbər verir.
Sizdən bir vətəndaş və bir mətbuat nümayəndəsi kimi xahiş edirəm ki, bu məsələdə ədalətin və qanunun bərpa olunması üçün yardımçı olasınız. Qeyd edim ki, 21 yaşlı əməkdaşımız Siasət Hüseynov Cəbrayıl rayonundan məcburi köçkündür və 20 ildir ki, yataqxanada anasının himayəsində yaşayır.
Sizin bir dövlət rəsmisi kimi bu məsələdə ədalətin təmin olunması və günahkarların cəzalandırılması üçün gösətiş vercəynizə əminəm və ümid edirəm ki, ədalət qısa müddətdə təmin olunacaq.
Əvvəlcədən təşəkürümü bildirirəm.
Hörmətlə "Poliqon" İnformasiya Agentliynin baş redaktoru Azər Qaramanlı