"Xarici ölkələrdən yüksək maaşla mütəxəssislər cəlb edilməlidir".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli koronavirusun sürətlə yayılmasından danışarkən deyib. O bildirib ki, yeganə çıxış yolu yoluxmanın sürətini azaltmaqla səhiyyə sistemini virusla mücadiləyə hazırlamaqdır:
"Rəsmi məlumatlara inansaq, Çinin Vuhan şəhərində 1 nəfərin noyabr ayında koronavirusa yolyxması 7 aydan sonra dünyanın 200 ölkəsində 10 mln. nəfərin yoluxmasına, 500 min nəfərin isə həyatını itirməsinə səbəb oldu. Yəni, 1 nəfər həndəsi silsilə ilə dünyada 10 mln. nəfərə yaxın adamı yoluxdurdu. Bu, hələ testlə təsbit edilən saydır, simptomsuz və rəsmi qeydiyyata alınmayan yoluxan sayı isə dünya üzrə 10-15 dəfə, bəlkə də 100 dəfə çoxdur. Bunu dəqiq bilən də yoxdur. Vuhanda 1 nəfərlə başlayan virus 7 aya bu qədər yayılıbsa, məntiqlə bu ilin sonuna həndəsi silsilə ilə dünya əhalisinin, azı 70-75%-i virusa yoluxacaq və kollektiv immunitet yaranmağa başlayacaq. Bu modeldə yeganə çıxış yolu yoluxmanın sürətini azaltmaqla səhiyyə sistemini virusla mücadiləyə hazırlamaqdır. Yəni, daha çox çarpayı, avadanlıq, dərman ehtiyatı yaradılmalıdır. Başqa yol görünmür".
Natiq Cəfərli bildirib ki, virusun vaksini hazır olana qədər bu belə davam edəcək:
"Vaksin isə ən yaxşı halda gələn ilin ilk yarısında kütləvi istehsal ediləcək. Yaxşı, nə edək bəs? Bir daha özümüzü və yaxınlarımızı qoruyaq, qapalı məkanlarda maska taxaq, fiziki məsafənı gözləyək, əllərimizi təmiz saxlayaq".
İqtisadçı bununla bağlı hökümətə də təkliflər verib:
"Hökumət nə etməlidir? Yeni təcili yardım maşınları, süni tənəffüs aparatları, dərmanlar almalı, çarpayı sayını təcili artırmalıdır. Yeni daha detallı statistika və cəmiyyətlə kommunikasiya strategiyası hazırlanmalıdır. Amma bir məsələ çox çətindir, həkim, tibb işçiləri çatışmır. Bu məsələnin həlli üçün təcili ayrıca proqram qəbul edərək xaricdən yüksək maaşla mütəxəssislər cəlb edilməlidir. Ən azı 1000 həkimə, 5000 tibb xidməti işçisinə ehtiyac var. Onları Kubadan, Baltikyani ölkələrdən, Türkiyədən cəlb etmək mümkündür".
Bahar Rüstəmli