"Qarşıdakı aylarda neftin qiyməti yüksək olaraq qalacaq və orta hesabla bu il qiymət 82 dollar dəhlizində olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Adminstrasiyasının brend markalı neftin qiymətinin 2022-ci ilin II rübündə 87, IV rübdə isə 75 dollara enəcəyilə bağlı səsləndirdiyi proqnozu şərh edərkən deyib. Ekspert bildirib ki, qarşıdakı alarda neftin qiymətində ciddi enmələr olmayacaq:
"Bu qiymət istehsalçı və istehlakçılar üçün məqbuldur. Qarşıdakı aylarda vəziyyət həm də Çinin idxal həcmindən asılı olacaq. Bu il Çində yeni emal güclərinin sənaye istismarına veriləcəyi gözlənilir. Deməli, bu fonda əlavə neft həcmlərinə ehtiyac yaranacaq. İndiki bazar şərtlərinə istinad etsək, qarşıdakı alarda neftin qiymətində ciddi enmələr olmayacaq. Çünki bazar iştirakçıları hesab edir ki, qarşıdakı aylarda neftə olan tələbatda dinamika müşahidə olunacaq. 2022-ci ildə neftə olan ümumi tələbat gündəlik 4,2 milyon barrel artacaq. Keçən il brend markalı neftin qiyməti 68-75 dollar dəhlizində dəyişib. Bu isə həm istehsalçı, həm də istehlakçılar üçün məqbul qiymət dəhlizi idi. Bu il isə fərqli situasiya olacaq. Cari ildə aviasiya yanacağına böyük tələbat yaranacaq. Belədə neftə olan tələbat artır. Bazar iştirakçılarının qənaətinə görə ilin 3-4 rübündə gündəlik neftə olan tələbat 100 milyon barreli də keçə bilər”.
Ekspert qeyd edir ki, neftin qiymətinin bahalaşmasına bir sıra amillər təsir edib:
"Neft emalı zavodlarının xam neft tələbatında artım baş verib. Digər tərəfdən, bazar iştirakçıları düşünür ki, qarşıdakı aylarda artan tələbat qarşılığında OPEK və müttəfiq dövlətlərin bazara lazımi həcmdə neft çıxarmaq imkanları məhdudlaşacaq. Bu da OPEK və müttəfiq dövlətlərin məhdud hasilat gücü ilə bağlıdır. İran, İraq, Anqola və Nigeriya özləri üçün müəyyən edilən hasilat kvotası həcmində neft hasil edə bilmr. Ona görə bazar iştirakçıları bazarda yüngül defisitin yaranacağından ehtiyatlanırlar. Neft anbarlarında da neft həcmləri aşağı düşüb”.
Rüfət Sultan