Dünya Atletika Şurası 2025-ci il Dünya Atletika Çempionatına ev sahibliyi edəcək şəhəri seçib.
Qaynarinfo xəbər verir ki, çempionat Yaponiyanın paytaxtı Tokiyoda baş tutacaq. Bu haqda ABŞ-ın Oreqon ştatında keçirilən 228-ci Dünya Atletika Şurasının iclasının ikinci günündə qərar qəbul olunub. Şura həmçinin 2024-cü il Dünya Atletika Kros Çempionatının Xorvatiyanın Medulin və Pula şəhərlərində, 2026-cı ildə isə Atletika üzrə Dünya Kross Çempionatının Floridanın Tallahassee şəhərində keçiriləcəyini açıqlayıb.
2025-ci ildə həm də Yaponiya Atletika Federasiyaları Assosiasiyasının (JAAF) 100 illik yubileyi qeyd olunacaq.
18-ci Dünya Atletika Çempionatına bugün (15 iyul) Oreqonda start verilib. Macarıstanın Budapeşt şəhəri isə 2023-cü ildə keçiriləcək tədbirə ev sahibliyi edəcək.
Şura həmçinin gələn il Avstraliyanın Baturst şəhərində keçiriləcək Dünya Atletika Kross Çempionatından sonra növbəti iki çempionatın Xorvatiyada (2024) və ABŞ-da (2026) baş tutacağını təsdiqləyib.
Səbuhi Həsənov