Xəbər lenti

21 müflis bank ləğv prosesində: ƏSF bankların əmlakını qeyri-şəffaf satır - Vəkil
Ekonomiks06:47 10.02.2023

21 müflis bank ləğv prosesində: ƏSF bankların əmlakını qeyri-şəffaf satır - Vəkil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda 21 müflis bank ləğv prosesindədir. Ləğvedici də Əmanətlərin Sığortalanması Fondudur”. 
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı vəkil Əkrəm Həsənov deyib. Vəkil bildirib ki, ƏSF-nin işi həmin bankların əmlakını baha qiymətlə satmaq və verdiyi kreditləri qaytarmaqdır:
"Əldə olunan vəsait də kreditorlar (bankda pulu qalmış şəxslər) arasında mütənasib şəkildə bölüşdürülməlidir. Bu prosesin düzgün həyata keçirilməsi üçün şəffaflıq və ictimai nəzarət lazımdır. İlk növbədə də kreditorların nəzarəti. Çünki müflis banklar faktiki onlara məxsudur. Lakin reallıqda kreditorlar bu prosesə heç yaxın da buraxılmır. ƏSF onlara adekvat məlumat vermir. Prosesə formal nəzarəti apellyasiya məhkəməsi həyata keçirir. Amma həmin məhkəmə icraatı da şəffaf deyil, kredtiorlar komitəsinə heç bir məlumat verilmir. ƏSF-in rəhbəri Azad Cavadov və Vüqar Abdullayev olanda, o, daha şəffaf idi. Son illər ərzində ƏSF-in özbaşınalığı artıb.
Belə ki:
1. ƏSF bankların əmlakını qeyri-şəffaf satır;
2. ƏSF bankların əmlakının əksər hissəsini ümumiyyətlə satmır, bəzilərini xəlvəti idarə edib (məsələn, icarəyə verir), gəlir götürür;
3. ƏSF bankların kreditləri üzrə borcalanlara kreditorların maraqlarına zidd və onlardan xəbərsiz olaraq güzəştlər edir, bəzi kreditləri tələb etmir, iddia müddətlərini buraxır, bu işləri savadsız, qeyri-dürüst aparır və s. və i.a.
4. ƏSF bankların ləğvinə yüksək və kreditorların maraqlarına zidd şəkildə xərclər çəkir;
5. ƏSF daxil olan vəsaitləri kreditorlar arasında qeyri-dürüst bölüşdürür və s. və i.a.
 
Əkrəm Həsənov bu siyahının davam etdirməyin mümkün olduğunu vurğulayıb:
"Əsas odur ki, məhz bu qanunsuz və özbaşına fəaliyyətinin ifşasından qorxaraq ƏSF kreditorlara məlumat vermir. Çıxış yolu nədir? Müflis bankların kreditorları birləşməlidir. İlk növbədə kreditor komitələri qurultay keçirməli və mövcud problemləri müzakirə edərək ƏSF-yə qarşı yekdil müqavimət (mübarizə) strategiyasını razılaşdırıb hərəkətə keçməlidirlər. Bu, niyə vacibdir? Kreditorların hüquqları qorunmayan ölkədə əlverişli investisiya mühiti ola bilməz. Həmin ölkəyə pul qoyan olmayacaq. Xüsusilə banklara. İnsanların və sahibkarların pulunu əvvəlcə banklar və onlara nəzarət edənlər yeyib-dağıdır, sonra da olan-qalan əmlakın başına ƏSF daş salır. Buna son qoyulmalıdır”.
Bahar Rüstəmli