Sənət 15:06 26.06.2022

27 yaşı qadının inanılmaz uğuru: 3 il əvvəl 400 dollar, indi isə 1.6 milyon dollar... (FOTOLAR)

27 yaşlı kanadalı rəssam Anna Veyantın "Instagram" səhifəsində nümayiş etdirdiyi və çimərlikdə 400 dollara satılan rəsmlərinin dəyəri 3 ildən sonra 1,6 milyon dollara çatıb. Bəs bu heyrətamiz uğur qazanılıb?.. 

Anna Veyant rəsmlərinin Nyu Yorkdakı "Christie's" hərrac evində ilk dəfə sərgiləndiyi gecə canlı yayıma qatılmayacaq və hətta hərraca baxmayacaq qədər gərgin idi. Bunun əvəzinə, 27 yaşlı qadın Manhettendəki kiçik mənzilinə qapanıb və dostu xəbər göndərənə qədər telefonuna belə cavab verməyib.

Beynəlxalq müasir incəsənət qalereyalarından biri olan "Gagosian" tərəfindən təmsil edilən və ulduzu yeni-yeni parlayan Veyant son zamanlar istedadı və rəsm bazarında sürətli yüksəlişi ilə bütün diqqətləri üzərinə çəkib.

İki il əvvəl "Christie's"də keçirdiyi ilk hərracda təqribən 12 min dollara satdığı "Summertime” (Yay vaxtı) adlı rəsminin 1,6 milyon dollara satıldığını biləndə eşitdiklərinə inana bilmir.

Gənc rəssam bu satışla müasir incəsənət dünyasının zirvəsinə yüksəlir. Təxminən üç il əvvəl Kanadanın Kalqari şəhərində kiçik bir başlanğıc edən sənətçi üçün bu addım nağıl kimi bir şey idi.


Anna Veyantın iki il əvvəl 12 min dollara satılan "Summertime" adlı tablosu "Christie's" hərrac evində keçirilən hərracda 1,6 milyon dollara satılıb

Hollandiyalı sənətçilərin əsərlərindən ilhamlanan və tez-tez qadın fiqurlarını təsvir edən Veyant üç il əvvəl sənətşünasların və qalereyaçıların diqqətini çəkmişdi.

Bu gün onun 50-yə yaxın tablodan ibarət əsərləri artıq Qlenn Fuhrman və Stafford Broumand kimi sənət kolleksiyaçılarının əlinə keçib. Bu yaxınlarda ABŞ-ın Los Anceles şəhərindəki Kounti İncəsənət Muzeyi Veyantın əsərlərindən ibarət sərgi keçirib. 

"Instagram"da tanındı, ilk rəsmini 400 dollara satdı

Üç il əvvəl "Instagram" hesabında yaydığı rəsimləri ilə tanınan və ilk tablosunu küçədə 400 dollara satan 27 yaşlı Anna Veyant bir neçə əsərinin hərraclarda 1 milyon dollardan baha satılacağını və belə maraqla qarşılanacağını təxmin belə etmirdi.

1995-ci ildə Kanadanın Kalqari şəhərində anadan olan Veyant ABŞ-ın Rhode İsland Dizayn Məktəbində rəssamlıq təhsili alıb. Kanadada keçirilən müsabiqədə üçüncü yeri tutan Veyant 2017-ci ildə məzun olduqdan sonra Hançjoudakı Çin İncəsənət Akademiyasına üz tutub. Çin ənənəvi sənətləri ilə yaxından maraqlanan Veyant əsərlərinə pastel çalarları daxil edib. Həmin vaxtdan iş o həddə çatıb ki, onun rəsmlərini almaq üçün gözləyən 200 nəfər gün sayır.

"yüksək məbləğli satışlar təzyiqi daha da artırdı"

Bununla belə, hər yüksəliş həm də qayğıları artırır. İş o yerə çatıb ki, qalereyalar zaman keçdikcə daim artan qiymətlər üçün "müştəri” axtarır və bir müddət sonra qiymət artımı səbəbindən yeni alıcı tapa bilməməsi bu səviyyədə bir sənətçi üçün böyük eniş demək olar.


Müasir incəsənətin yeni ulduzu Anna Veyant

Bir sözlə, hərraclarda qiymətlərin "dramatik” artımı gənc rəssamlar üçün böyük uğur kimi qəbul edilsə də, kolleksiyaçılar kütləvi qiymət artımına tab gətirə bilmirlər. Daha varlı kolleksiyaçıların başqa rəssamlara yönəlməsi bu çöküşü sürətlənir.

Bu səbəbdən Veyant bir vuruşla yıxılan "böyük" sənətçi olmaq istəmədiyini vurğulayır və əlavə edir: "İnsanlar məni təbrik etməyə davam edir, lakin bu satışlar məni rahatlatmaq bir yana, daha çox təzyiq göstərdi".

"Sənət dünyası gənc istedadları bitirməyi sevir"

Ötən aylarda Nyu Yorkdakı üç böyük hərrac evinin hər biri Veyantın işlərini yüksək məbləğlərə satışa çıxardı və hətta kolleksiyaçıların satışa çıxarılmazdan əvvəl mükafat ödəməyə hazır olduqları qeyd edildi.

Bazarlıqlar və rəqabət davam etdiyi bir vaxtda Veyant ABŞ-da sənətçilərin müəllif hüquqları qorunmadığı üçün hərrac satışlarından heç bir pay ala bilmədiyini deyir.

Əsərləri birdən-birə milyonlarla dollara alıcı tapan gənc rəssam, bütün bu çılğınlığın kölgəsində irəliyə baxdığını, ancaq diqqətini rəsm üzərində cəmlədiyini qeyd edir.

Veyantın pərəstişkarlarından biri olan və əsərlərini böyük maraqla izləyən sənətşünas Cerri Saltz isə "Sənət dünyası gənc istedadları bitirməyi sevir. Satış rəqəmləri və gözləntilərə görə beyninizdə yaranan səslərlə rəsm çəkmək olduqca çətin ola bilər. Amma bəlkə də Veyant bununla bacarar", deyir.

Uğurun arxasında 77 yaşlı qalereya sahibi dayanır?

Bəzilərinin fikrincə, Veyantın sürətli yüksəlişinin arxasında güclü bir "mentor” dayanır.

27 yaşlı gənc rəssam bir ildir dünyanın ən güclü rəsm qalereyasının yaradıcısı, 77 yaşlı Larri Qaqosianla münasibətdədir. Yaş fərqi ilə sənət çevrələrində tez-tez gündəmə gələn ikilinin münasibətləri Veyantın sürətli yüksəlişində əhəmiyyətli faktor ola biləcəyi vurğulanır.

Veyantın Rhode İsland Dizayn Məktəbində professoru Martin Smik vəziyyəti qiymətləndirib. Bir müddət əvvəl işlədiyi qalereyanı tərk edərək sevgilisinin qalereyasında sərgi açan Veyantı sənət ictimaiyyətinin "iyrənc" ittihamlarına qarşı müdafiə etdiyini bildirən Smik "Hər fürsətdə onu qoruyuram" deyib.

Veyanta üç il əvvəl Nyu-Yorkdakı ilk fərdi sərgisini verdiyi "56 Henry" qalereyasının sahibi Elli Rines isə rəssamın münasibətlərinə görə müvəffəqiyyət qazanması iddialarının arxasında qadın düşmənçiliyinin olduğunu söyləyib.

"Mən onu pis canavarlardan qorumağa çalışıram”

Müxtəlif ölkələrdə 19 rəsm qalereyası olan Larri Qaqosian iddialar qarşısında susmağa üstünlük versə də, Veyantın karyerası ilə bağlı müzakirələrə müdaxilə edib.

Gənc rəssama digərləri ilə necə davranırsa elə davrandığını bildirən Qaqosian "O, çox ağıllı və ehtiyatlı rəssamdır. Onu pis canavarlardan qorumağa çalışıram” deyib və iddiaların əsassız olduğunu qeyd edib.

27 yaşlı gənc rəssam isə Qaqosyanın mentorluğundan razı olduğunu və bunun onun üçün rahatlıq olduğunu bildirərək mübahisələrə son qoyub.

"Qorxu və narahatlıqlarımı rəsmlərini çəkdiyim qadınlarda göstərdim"

Şübhəsiz ki, Veyantın bu uğuru çox tez-tez görünən olay deyil. Sənət dünyası ilə gec tanış olan sosial media platformalarında əks olunan əsərləri ilə diqqət çəkən Veyant, Rhode İsland Dizayn Məktəbindəki tələbəlik illərində kifayət qədər uğurlu görünür.

Veyant Kanada Milli Qalereyasının təşkil etdiyi müsabiqədə...

Tələbəlik illərində ingilis rəssamı Lusian Freydin impasto üslubunu öyrənən Veyant, birinci kursdan sonra qatıldığı Kanada Milli Qalereyasının təşkil etdiyi yarışmada ilk üçlüyə daxil olaraq adından söz etdirməyə başlamışdı.

İkinci ilində qadın və gənc qız fiqurları ilə kompozisiyalara müraciət edən Veyant "Yeni bir ölkəyə getmək və orada hər şeyi sıfırdan başlamaq fikri əvvəlcə beynimi çox qarışdırırdı. Ancaq evim üçün darıxacağımdan qorxdum. Yadımdadır ki, bütün bu qorxu və narahatlıqları çəkdiyim qadınlarda göstərə bilsəm, heç olmasa mənimlə eyni problemləri olan biri ilə söhbət edə biləcəyimi düşünürdüm".

"Onun əsərlərinə baxanda böyük potensialı gördüm"

Məşhur inancın əksinə olaraq, Veyantın ilk dayanacağı ABŞ deyildi: O, Çin İncəsənət Akademiyasına üz tutaraq Asiya sənətini öyrənmək imkanı qazandı. Burada keçirdiyi 7 ay ərzində çox şeylər öyrəndi.

Artıq Veyantın önündə rəngarəng və zəngin sənət həyatı olan Nyu York var idi. 2018-ci ildə ölkəsinə qayıdan və bacarığını təkmilləşdirən gənc rəssama ilk kömək əlini özü kimi rəssam olan Sintia Talmadc uzadır.

Veyantın bir ayağı yuxarı qaldırılmış qadın rəsmini araşdıran Talmadc dərhal onun işindən təsirlənir. Gənc rəssam işlərini şəxsi "Instagram" hesabında paylaşmağa başlayır. Talmadcın dəstəyi bununla bitmir. Onu "56 Henri" rəsm qalereyasının sahibi Elli Rineslə tanış edir.

Veyantın istedadını görən Rines deyir: "Onun işini öyrənəndə böyük potensiala malik olduğunu başa düşdüm”.

İlk dəfə qrup sərgilərinə qatılan Veyant 2019-cu ilin yayında "Hamptons" sənət yarmarkasında bir çimərlik dəsmalının üzərində nümayiş etdirdiyi rəsmlərini 400 dollara satır.
 


"İşlərinin aydınlığını və ləzizliyini sevdim"

Veyant elə həmin yay sənət tənqidçilərinin diqqətini çəkməyə başlayır və Nyu Yorkda ilk fərdi sərgisini "Dollhouse'a Xoş Gəldiniz" adı ilə "56 Henri"də açır. O, öz yaradıcılığında tutqun yeniyetmə qızları və vaxtından əvvəl yetkinliyin bütün əzablarını əks etdirir.
 
Sərgilədiyi bütün rəsmləri 2-12 min dollar aralığında alıcı tapdıqda onun bütün arzuları gerçəkləşir. Artıq Nyu York kimi sənət dünyasının ürəyini təmsil edən bir şəhərdə öz ayaqları üzərində yüksəlirdi.

İndi kolleksiyaçılar və qalereya sahibləri yeni yüksəlməkdə olan gənc rəssamın rəsmlərini əldə etmək üçün yarışırdır. Məsələn, şəxsi məsləhətçi olan Co Şeftel onun rəsmlərini toplamağa başlayan müştərilər üçün Veyantın rəsmlərinin arxasınca düşməyə başlamışdı.

Elə həmin vaxtlarda "Half Gallery"dən Bill Pauers qalereya sahibi Larri Qaqosian Veyantın əsərlərini hərarətlə təsvir edirdi. Veyantla bir məclisdə görüşən Qaqosianın gənc rəssam haqqında ilk sözləri "O, incə və yaradıcı idi, işlərindəki aydınlığı və narahatlığı bəyəndim” olur.

Bir Veyant tablosu istəyirsinizsə, növbəyə durmalısınız...

Demək olar ki, nə COVID-19 pandemiyası, nə də qapanmalar Veyantı dayandıra bilmədi. 2021-ci ilin yazında o, artıq sürətlə yüksəlirdi.

Rəsmlərinin qiyməti 50 min dollara yüksəlmiş, Los-Ancelesdəki "Blum & Poe" qalereyası yalnız onun əsərlərinə geniş yer ayırmağa başlamışdı. Bu dövrdə Veyant və Qaqosianın münasibətləri də dərinləşirdi.


Çox keçmədən qəzetlər cütlüyü Paris və Sent-Tropezdə görməyə başladı. Veyant bir yuxu yaşayırdı, əsərlərini tapmaq getdikcə mümkünsüz olurdu. Vəziyyət o həddə çatdı ki, hətta böyük kolleksiyaçılar Veyantın əsərlərindən birini almaq istəyəndə gözləmə növbəsinin olduğunu öyrəndilər.

Veyant bu dövrdə artıq sənət camiəsinin eybəcər siması ilə üzləşdi: "Blum & Poe" rəsm qalereyası fərdi sərgisi müqabilində gənc rəssamdan onun üç rəsm əsərini almışdı.

Bununla kifayətlənməyən qalereya mühüm kolleksiyaçılara sərgidəki bütün rəsmlərin satıldığını bildirsə də, sonradan rəsmlərin gizlədildiyi məlum oldu. Bu vəziyyətdən çox narahat olduğunu deyən Veyant "Blum & Poe" qalereyası ilə münasibətlərinə soy qoyur.


"Artıq özümü tapdığımı hiss edirəm"

27 yaşında sənət dünyasının bütün reallıqlarını yaxından müşahidə edən Veyant, bir müddət əvvəl "Blum & Poe" qalereyasına 15 min dollara satdığı tablosunun "Sotheby's" hərrac evində 1,6 milyon dollara satıldığını öyrənərək şoka düşür. 

Keçmişi geridə qoyduğunu və ilin sonunda baş tutacaq fərdi sərgisinə hazırlaşdığını bildirən gənc rəssam, əvvəlki rəsmlərinə mövzu olan qadınların bir növ dəyişikliyə uğradığını deyir.

"Bəlkə də mənim qorxularım daha teatral bir şeyə çevrilməyə başlayır. İndi özümü tapdığımı hiss edirəm".

Mənbə: "Hürriyət"