Xəbər lenti

30 il əvvəl verilən proqnoz bu gün dəhşətli şəkildə gerçəkləşdi
Texnologiya 18:25 28.08.2025

30 il əvvəl verilən proqnoz bu gün dəhşətli şəkildə gerçəkləşdi

Elm adamları keçmiş proqnozların gözlənildiyindən daha dəqiq olduğunu üzə çıxarıb. 

Qaynarinfo xəbər verir ki, 1996-cı ildə hazırlanan hesabatda dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı verilən proqnozlar bu gün əldə olunan peyk məlumatları ilə tam üst-üstə düşür.

Tulane Universitetindən professor Torbyörn Törnkvist və dosent Zönke Danqendorfun da yer aldığı tədqiqat qrupu dəniz səviyyəsindəki dəyişiklikləri araşdıraraq 1990-cı illərdə aparılan iqlim proqnozlarının etibarlılığını sınayıb. Onlar yalnız temperatur göstəricilərinə deyil, daha sabit və həssas göstərici sayılan dəniz səviyyəsinin artımına diqqət yetiriblər.

1993-cü ildən bəri aparılan peyk müşahidələri okeanların orta səviyyəsində ardıcıl artım olduğunu göstərir. Maraqlısı odur ki, bu artım qrafiki 1996-cı ildə yayımlanan Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin (IPCC) hesabatındakı proqnozla demək olar ki, eyni olub.

IPCC-nin 1996-cı il hesabatında 1993–2023-cü illər arasında dəniz səviyyəsinin 6–7 santimetr yüksələcəyi gözlənilirdi. Bugünkü ölçmələr isə artımın təxminən 8 santimetr olduğunu göstərir. Yalnız 1 santimetr fərqin olması, o dövrdəki məhdud texnoloji imkanlara baxmayaraq, proqnozların nə qədər dəqiq olduğunu sübut edir. Professor Törnkvist bu nəticəni belə dəyərləndirib: "1990-cı illərin modellərinin bu günlə müqayisədə nə qədər primitiv olduğunu düşünsək, bu qədər yaxın nəticə doğrudan da heyrətləndiricidir”.

Elm adamlarına qarşı səsləndirilən "keçmişdə yanıldılar” arqumenti bu tapıntılar qarşısında əhəmiyyətini itirir. Çünki 30 il əvvəlki proqnozlar bu günkü reallıqla üst-üstə düşərək iqlim modellərinin etibarlılığına güclü sübut təqdim edir.

Aradakı kiçik fərq isə sonradan əldə olunan elmi biliklərlə izah olunur: həmin illərdə Qrenlandiya və Antarktidadakı buzulların ərimə sürəti və okeanlarla qarşılıqlı təsiri dəqiq bilinmirdi. İndi isə bu bölgələrin əlavə təsirinin təxminən 2 santimetr olduğu hesablanır.

Alimlər bildirirlər ki, dəniz səviyyəsi sabit xətlə deyil, dəyişkən templə yüksəlir. Güclü fırtınalar, daşqınlar və regional iqlim hadisələri bu artımı müvəqqəti olaraq gizlədə bilər. Eləcə də okean axınlarının sürətindəki dəyişikliklər bəzi yerlərdə suyun qalxmasına, digərlərində isə azalmasına səbəb ola bilir. Buna görə də qlobal miqyaslı müşahidələr aparmaq daha sağlam yanaşma sayılır.

Əldə olunan nəticələr iqlim elminin güclü elmi əsaslara söykəndiyini göstərsə də, eyni zamanda narahatedici mənzərəni də üzə çıxarır. Çünki modellərin ortaq məqamı dəniz səviyyəsinin xətti yox, getdikcə sürətlənən templə yüksələcəyini göstərir. Bu isə yaxın onilliklərdə böyük şəhərlərin və sahil zonalarının davamlı olaraq su altında qalması ehtimalını artırır.

Danqendorf bu barədə belə deyib: "Dəniz səviyyəsi hər yerdə eyni dərəcədə qalxmır; bölgələr arasında böyük fərqlər müşahidə olunur”.

Tədqiqat NASA-nın peyk proqramları və NOAA-nın okean izləmə məlumatları ilə dəstəklənib. Mütəxəssislər dəniz səviyyəsinin davamlı izlənilməsinin, sahil bölgələrində yaşayan milyonlarla insan üçün həyati qərarların qəbulunda həlledici əhəmiyyət kəsb etdiyini vurğulayır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->